BAKIDA AZƏRBAYCAN-ALMANİYA BİZNES FORUMU KEÇİRİLİR
AZƏRTAC xəbər verir ki, dekabrın 6-da Bakıda, “Avropa” hotelində Azərbaycan-Almaniya biznes forumu öz işinə başlamışdır.
İqtisadi İnkişaf Nazirliyinin Almaniyanın Federal İqtisadiyyat və Əmək Nazirliyi ilə birgə keçirdiyi tədbirdə hər iki ölkənin bir qrup sahibkarı iştirak etmişdir. AFR-in iş adamlarından ibarət nümayəndə heyətlərinə bu ölkənin Federal iqtisadiyyat və əmək nazirinin müavini Karl-Ernst Brauner başçılıq edir.
Biznes forumunda iqtisadi inkişaf naziri Fərhad Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadiyyatında baş verən müsbət dəyişikliklərdən danışdı. İlin əvvəlindən indiyədək ümumdaxili məhsulun xeyli artdığını, bu məhsulda qeyri-dövlət sektorunun xüsusi çəkisinin çoxaldığını, Azərbaycana cəlb olunan sərmayələrdə artım müşahidə olunduğunu nəzərə çarpdırdı. O bildirdi ki, ölkəmizdə istehsal olunan məhsulların, xüsusilə kənd təsərrüfatı məhsullarının ixracı artmışdır.
Nazir dedi ki, indi əsas vəzifə yaranmış makroiqtisadi sabitliyi qoruyub saxlamaqla yanaşı, əhalinin real vəziyyətinə təsir edən, orta təbəqəni formalaşdıran işlər görmək xüsusi önəm daşıyır.
F.Əliyev qeyd etdi ki, neftdən əldə olunan gəlirlərdən qeyri-neft sektorunda istifadə olunması, yoxsulluğun azaldılması ilə bağlı görülən tədbirlər, bu istiqamətdə qəbul edilmiş qərarların icrası ən mühüm vəzifələrdən biridir. O, xarici ölkələrlə regional və ikitərəfli əməkdaşlığın əhəmiyyətini xüsusi vurğulayaraq bildirdi ki, bu görüş 2004-cü ilin avqust ayında Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində həmin ölkənin federal kansleri Gerhard Şröderlə apardığı danışıqlar nəticəsində mümkün olmuşdur. Gələn ilin yazında isə belə bir görüş Almaniyada keçiriləcəkdir. Nazir maliyyə, sığorta sahələrində də Azərbaycan-Almaniya əməkdaşlığının genişlənəcəyinə ümid etdiyini bildirdi. O, alman şirkətləri təmsilçilərini, iş adamlarını qeyri-neft sektorunun inkişafında, xüsusilə kiçik və orta sahibkarlığın, habelə regionların sosial-iqtisadi inkişaflarında daha fəal iştirak etməyə çağırdı. Bildirdi ki, ölkəmiz mövcud iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində, xüsusilə infrastruktur layihələrinin həyata keçirilməsində, energetika sahəsində, elektrik stansiyalarının tikintisində, maşınqayırma sənayesinin inkişafında, kimya sənayesinin, kənd təsərrüfatı məhsullarının emalı, qablaşdırılması və ixracında maraqlıdır və bunun üçün böyük potensial vardır.
Almaniyanın federal iqtisadiyyat və əmək nazirinin müavini Karl-Ernst Brauner ölkəmizin iqtisadiyyatının neft sektorundan asılılığını azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirmək, əhalinin rifahını yaxşılaşdırmaq məqsədi ilə Azərbaycan hökumətinin gördüyü işlərin təqdirəlayiq olduğunu bildirdi. O dedi ki, Almaniya Federativ Respublikasının iş adamları bunun üçün öz töhfələrini verməyə hazırdırlar. Almaniya neftin emalının dərinləşdirilməsinin təmin edilməsində də Azərbaycana kömək edə bilər.
Cənab Brauner onu da söylədi ki, iqtisadi əməkdaşlıq sahəsində ölkələrimiz böyük potensiala malikdir. Azərbaycan iqtisadiyyatına Almaniya sərmayə qoymağa hazırdır.
Biznes forumda “Hermes” şirkətinin nümayəndəsi Ernst Ştökl-Pukall Sumqayıt şəhərində infrastrukturla bağlı böyük layihənin həyata keçiriləcəyini, “Siemens” firmasının Almaniyanın digər şirkətləri ilə birlikdə müvafiq avadanlıq göndərəcəyini və bunun əlverişli, uzunmüddətli kredit hesabına görüləcəyini vurğuladı. O dedi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir. Biz öz imkanlarımızla bu inkişafı dəstəkləməyə hazırıq.
Biznes-forumda alman sahibkarlar onu da bildirdilər ki, kənd təsərrüfatı məhsullarının saxlanılması, emalı, qablaşdırılması, nəql edilməsi sahəsində də ölkəmizə kömək edə bilərlər.
Tədbirdə İqtisadi İnkişaf Nazirliyi Sahibkarlığın İnkişafı Departamentinin direktoru Əlihüseyn Şalıyev qonaqlara ölkəmizdəki biznes mühiti və sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi haqqında ətraflı məlumat verdi.
Sonra hər iki ölkənin sahibkarları, iş adamları arasında ikitərəfli qarşılıqlı surətdə faydalı əməkdaşlığın genişləndirilməsinə dair konkret məsələlər müzakirə olundu.
Biznes forum dekabrın 7-də öz işini davam etdirəcəkdir.