BAKIDA BEYNƏLXALQ KONFRANS BAŞA ÇATMIŞDIR
AZƏRTAC xəbər verir ki, Azərbaycan İqtisadçılar İttifaqının və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizədə nəzarətin rolu və əhəmiyyəti” mövzusunda ikigünlük beynəlxalq elmi-praktik konfrans sentyabrın 19-da başa çatmışdır.
Konfransın ikinci iş günü “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində mövcud təcrübə: problemlər və onların həlli yolları” və “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin təşkilati və hüquqi aspektləri” mövzularında keçirilmiş bölmə iclaslarında korrupsiyaya qarşı mübarizə üzrə müxtəlif ölkələrin təcrübəsindən danışılmış, təcrübə mübadiləsinin vacibliyi diqqətə çatdırılmışdır. Xarici qonaqlar tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlıqlarını bildirmişlər.
Sonda bölmə sədrlərinin hesabatları dinlənilmiş, Azərbaycan Auditorlar Palatasının sədri Vahid Novruzov yekun sözü ilə çıxış etmişdir.