Bakıda “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans keçirilir
Bakı, 23 iyun, AZƏRTAC
İyunun 23-də Azərbaycan Respublikası Baş Prokurorluğunun və İnsan hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının birgə təşkilatçılığı ilə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında “Biznes və insan hüquqları kontekstində şəffaflığın təmin olunması” mövzusunda beynəlxalq konfrans təşkil edilib.
AZƏRTAC xəbər verir ki, konfransda Baş prokuror Kamran Əliyev, İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Məclisin İnsan hüquqları Komitəsinin sədri Zahid Oruc, KOBIA-nın sədri Orxan Məmmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Nazirlər Kabineti, Milli Məclis, Baş Prokurorluq, məhkəmə, hüquq-mühafizə orqanları, insan hüquqları üzrə təsisatların yüksək vəzifəli şəxsləri, beynəlxalq təşkilatların, biznes qurumlarının, vətəndaş cəmiyyəti, həmkarlar ittifaqları, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edir.
Konfransda giriş nitqi ilə çıxış edən Kamran Əliyev bildirib ki, Azərbaycan insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirib. İnsan hüquqlarının müdafiəsi sahəsində çoxsaylı beynəlxalq sənədlərə tərəfdar çıxıb. Bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə edib.
K.Əliyev qeyd edib ki, Ulu Öndərin dövlətçilik siyasətinin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş məqsədyönlü siyasət nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilib.