BAKIDA “FƏRDİ ŞİKAYƏTLƏRİN ÖYRƏNİLMƏSİNİN ÜSULLARI” MÖVZUSUNDA BEYNƏLXALQ SEMİNAR İŞƏ BAŞLAMIŞDIR
Tədbiri Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açaraq, iştirakçıları və qonaqları salamladı, Sloveniya Konstitusiya Məhkəməsinin sənədləşdirmə mərkəzinin direktoru Arne Mavçiçi, Almaniya Konstitusiya Məhkəməsinin baş katibi Luiza Baranştedti, Latviya Respublikası Konstitusiya Məhkəməsi sədrinin müavini Dzintra Pededzeni, Slovakiya Konstitusiya Məhkəməsinin hakimi Yan Kluçkanı, Belçika Arbitraj Məhkəməsinin katibi Rik Rikboeri, Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin baş məsləhətçisi Bəxtiyar Tuzmuxamedovu və Venesiya Komissiyasının əlaqələndiricisi Karolin Marteni təqdim etdi. Bildirildi ki, təlim-seminara ATƏT-in, Amerika Hüquqşünaslar Assosiasiyasının və Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin nümayəndələri də dəvət olunmuşlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından sonra Bakıda ilk dəfə belə beynəlxalq seminar keçirildiyini vurğulayan Fərhad Abdullayev dedi ki, bu gün xalqımız Xocalı faciəsinin 12-ci ildönümünü yad edir. 12 il əvvəl erməni qəsbkarları tərəfindən Xocalıda insanlar kütləvi şəkildə qətlə yetirilmişlər.
Faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Venesiya Komissiyasının əlaqələndiricisi Karolin Marten çıxış edərək, təlim-seminarın məqsədi barədə danışdı, təmsil etdiyi təşkilatla ölkəmiz arasında uğurlu əlaqələrin yüksək səviyyədə olduğunu bildirdi. Fərdi şikayətlərin öyrənilməsinin Konstitusiya Məhkəməsinin iş təcrübəsinə daxil edilməsinin əsas məsələ olduğunu diqqətə çatdıran qonaq dedi ki, bu, Azərbaycanın Avropa Şurasına daxil olan zaman üzərinə götürdüyü öhdəlikdən biridir. Son iki il ərzində Azərbaycanda görülən işlər yüksək qiymətləndirilməlidir. “Konstitusiya Məhkəməsi haqqında” yeni qəbul olunmuş qanunda fərdi müraciətlərə baxılması məsələsinə xüsusi yer verilmişdir ki, bu da öhdəliyə tamamilə uyğundur.
Fərdi müraciətlərin Konstitusiya Məkhəməsində öyrənilməsi vacib məsələdir və vətəndaşların Konstitusiya hüquqlarından biridir, - deyən xanım Karolin Marten bu məsələnin Avropanın müxtəlif ölkələrində problemə çevrildiyini, həmin sahədə bir çox dövlətlərin təcrübəsini xatırlatdı və bildirdi ki, azərbaycanlı həmkarlarının təcrübəsinin artırılmasına kömək göstərməyə hazırıq. Hər bir məhkəmə üçün yüksək peşəkarlığa malik səriştəli şəxsi heyətin olması vacibdir. Şikayətlərin sayı artıqca onlara səmərəli baxılması böyük əhəmiyyət daşıyır və prosedur qaydalarına əməl olunmalıdır. Bu sahədə də təcrübəni bölüşməyə hazırıq. Hesab edirik ki, iştirakçılar bu seminardan özləri üçün müəyyən fayda götürəcəklər.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Fərdi şikayətlərlə iş” mövzusunda məruzə edərək bildirdi ki, biz neçə ildir Avropa Şurasının Venesiya Komissiyası ilə əməkdaşlıq edirik və bunun nəticəsi olaraq bu günədək həmin təşkilatla birgə bir sıra seminar və konfranslar keçirilmişdir. Konstitusiya Məhkəməsinin öz fəaliyyətini həyata keçirməsi baxımından bu tədbirlərin böyük əhəmiyyəti olmuşdur. Bugünkü tədbir də həmin qəbildəndir.
Natiq Azərbaycan Konstitusiya Məhkəməsi haqqında qəbul olunmuş yeni qanunun müddəalarından, əsasən də vətəndaşların, Konstitusiya Məhkəməsinə müraciəti ilə bağlı məsələlərdən danışdı və vurğuladı ki, bu təlim-seminarda kifayət qədər təcrübəsi olan ölkələrin mütəxəssislərinin, hüquqşünaslarının iştirak etməsi əməkdaşlarımız üçün çox böyük əhəmiyyət daşıyacaq və faydalı olacaqdır.
F.Abdullayev rəhbərlik etdiyi orqanın yaranması, təşkili, daxili strukturları və onların fəaliyyəti haqqında ətraflı məlumat verərək dedi ki, 2002-ci il avqustun 24-də keçirilmiş Ümumxalq referendumunda Azərbaycan Respublikasının Konstitusiyasına edilmiş dəyişikliklər nəticəsində Konstitusiya Məhkəməsində fərdi şikayət institutu yaradılmışdır. Bu dəyişikliklərə müvafiq olaraq, təqribən iki ay bundan əvvəl qəbul olunmuş “Konstitusiya haqqında” yeni qanuna Venetsiya Komissiyasının ekspertlərinin verdiyi rəylər nəzərə alınmış və onlar qanunda öz əksini tapmışdır. Beləliklə, fərdi şikayət institutunun yaradılması və yeni qanunun qəbulu Konstitusiya Məhkəməsinin strukturunda dəyişikliklərin aparılmasına gətirib çıxarmışdır.
Məruzəçi qarşıda duran əsas vəzifənin həyata keçirilən islahatların doğurduğu əməli məsələləri müzakirə etmək və fikir mübadiləsi aparmaq olduğunu nəzərə çarpdırdı, bu seminarın işinə qatılan Konstitusiya Məhkəməsinin hakimləri, aparatının əməkdaşları və kütləvi informasiya vasitələrinin nümayəndələri üçün də səmərəli fayda verəcəyini xüsusi vurğuladı.
X X X
Fasilədən sonra Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi Ələddin Sultanovun sədrliyi ilə seminarın birinci iclası işini davam etdirdi. Almaniyanın Konstitusiya Məhkəməsinin Baş katibi xanım Luiza Barnştedtin “Almaniya Konstitusiya Məhkəməsinin təcrübəsi”, Rusiyanın Konstitusiya Məhkəməsinin baş məsləhətçisi Bəxtiyar Tuzmuxamedovun “Rusiya Federasiyası Konstitusiya Məhkəməsində şikayətlərə baxılması üsulları” mövzularında məruzələri dinlənildi.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təşkili, bir sıra Avropa dövlətlərinin məhkəmələrində fərdi şikayətlərə baxılması üsulları və təcrübəsi ilə bağlı geniş müzakirələr aparıldı.
Seminara fevralın 27-də yekun vurulacaqdır.