Bakıda fransalı fotoqrafın Xocalı soyqırımına həsr olunmuş sərgisi açılmışdır
Bakı, 20 fevral (AZƏRTAC). Fevralın 20-də Mədəniyyət və Turizm Nazirliyinin Muzeylər Mərkəzində Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə Xocalı soyqırımının 20-ci ildönümünə həsr olunmuş fotosərgi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin deputatları, ziyalılar, xarici dövlətlərin ölkəmizdəki səfirləri iştirak etmişlər.
Sərgini açıq elan edən AAC-nin prezidenti Taleh Heydərov demişdir ki, təqdim olunan fotoşəkillər Parisdə yaşayan fotoqraf xanım Frederik Lenqaiqne tərəfindən çəkilmişdir. Xanım fotoqraf uzun müddət Röyter - Britaniya mətbuat agentliyinin Paris bürosunun fotoqrafı olmuşdur. 1989-cu ildə agentliyin Moskva bürosunun fotoqrafı təyin edilmişdir. 1991-ci ildə agentlikdən ayrılaraq Moskvada Qamma fotoagentliyi ilə əməkdaşlıq etmiş və müstəqil fotoqraf kimi fəaliyyət göstərmişdir. 1992-ci ildə Ağdama gələn xanım fotoqraf burada ermənilər tərəfindən Xocalıda vəhşicəsinə qətlə yetirilmiş insanların cəsədlərini fotolentin yaddaşına köçürmüşdür.
T.Heydərov bildirmişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni quldur birləşmələri Xocalıya hücum edərək dünyada misli görünməmiş soyqırımı törətmişlər. Ermənilər 613 nəfər dinc azərbaycanlını, o cümlədən 63 uşağı, 106 qadını işgəncə ilə qətlə yetirmişlər. Səkkiz ailə tamamilə məhv edilmişdir. 1275 sakin girov götürülmüşdür. 150 nəfərin taleyi bu günədək məlum deyildir.
Qeyd edilmişdir ki, AAC-nin fəaliyyətinin əsas istiqamətlərindən biri Azərbaycan xalqının başına gətirilən bu müsibətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarətdir.
Tədbirdə sərginin müəllifi Frederik Lenqaiqne çıxış edərək bildirmişdir ki, fotoqraf sənəti çox çətin peşələrdəndir. Bəzən müharibələri, insan faciəsini çəkməli oluram. Bu, çox ağırdır. Xocalıda baş verənlər məni dəhşətə gətirmişdir. İnana bilmirdim ki, insan belə vəhşiliyə yol verə bilər. Bu vəhşilik insan əməlinə oxşamırdı. Təəssüf ki, mən yanılırdım. Xocalıdakı vəhşiliyi insanlar törətmişdilər.
Digər çıxış edənlər də Xocalıda baş verənləri soyqırımı adlandırmış, bu vəhşiliyi törədən erməni quldurlarının gec-tez ədalət məhkəməsi qarşısında cavab vermək məcburiyyətində qalacaqlarını bildirmişlər.
Sonra sərgiyə baxış olmuşdur. 300 fotoşəkildən ibarət sərgi 4 gün davam edəcəkdir.
Bakıdan sonra bu fotoşəkillər Brüssel, Strasburq və Parisdə nümayiş olunacaqdır.