BAKIDA GÜL BAYRAMI
Rəsmi açılış Bakı Biznes Mərkəzində olmuşdur. Ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrinin, Milli Məclis deputatlarının, tanınmış ziyalıların, paytaxt sakinlərinin iştirak etdikləri mərasimdə şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov son illər ümummilli lider Heydər Əliyevin doğum günü ilə əlaqədar keçirilən və artıq ənənəyə çevrilmiş Gül bayramının təmizlik və paklıq rəmzi olduğunu vurğulamışdır. O demişdir ki, paytaxt ictimaiyyəti tədbirdə fəal iştirak etməklə xalqımızın xilaskar oğluna tükənməz sevgi və məhəbbətini bir daha göstərir. Dahi rəhbərimizin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin səyləri nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq və xalqımız ən möhtəşəm Gül bayramını Azərbaycanın dilbər güşəsi olan Qarabağda keçirəcəkdir.
Sərgidə Azərbaycanın tanınmış rəssamlarının gül mövzusunda əsərlərindən ibarət sərgi nümayiş etdirilmişdir.
Milli parka toplaşanlar Azərneft meydanından Paraşüt qülləsinədək ərazidə stendlərə, asfalt üzərində rəsm əsərlərinə, dibçək güllərinə, müxtəlif tikmələrə, nadir quşlara maraqla tamaşa etdilər. Gül paradından sonra geniş konsert proqramı olmuşdur.
Mərasim möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.