Bakıda II Bakı Beynəlxalq kukla biennalesi keçirilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Noyabrın 5-də Muzey Mərkəzinin sərgi qalereyasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, beynəlxalq kukla biennalesində 13 ölkə - Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, Latviya, Gürcüstan, Belarus, Belçika, Çexiya, Estoniya, Almaniya, Qazaxıstan və İsraildən olan kukla ustaları iştirak etmişlər.
Tədbirdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev bildirmişdir ki, II Bakı Beynəlxalq kukla biennalesinin əsas məqsədi nüfuzlu beynəlxalq təşkilatları etnoqrafik və folklor kukla sənəti sahəsində böyük uğurlara və ənənələrə malik ölkəmiz ilə uzunmüddətli məhsuldar əməkdaşlığa cəlb etməkdir. Bu sərgi Azərbaycan tamaşaçısına geniş diapazona malik müxtəlif cərəyanların bədii kukla müəllifləri ilə tanış olmaq fürsəti qazandıracaqdır.
Vurğulanmışdır ki, “Fusion doll” Bakı beynəlxalq müəllif kuklaları biennalesi ilk dəfə 2011-ci il noyabrda keçirilmişdir. Bununla da dünyada ilk dəfə olaraq müəllif kuklaları biennalesinin əsası qoyulmuşdur. Tədbir beynəlxalq səviyyədə incəsənətin xüsusi qolu olan müəllif kukla sənətinin təbliğinə xidmət etmişdir.
Diqqətə çatdırılmışdır ki, bu sahənin ictimaiyyət arasında populyarlaşmasında cari ilin aprelində Bakıda fəaliyyətə başlamış “Kukla” art qalereyasının da müstəsna xidmətləri vardır.
Tədbirdə çıxış edən “Kukla” art qalereyasının rəhbəri Lalə Kazımova bildirmişdir ki, kuklalar bizə uşaqlığımızı xatırladır.
Qeyd edilmişdir ki, müəllif kuklaları sənəti təsviri və dekorativ-tətbiqi sənət növləri arasında dünya mədəniyyətinin irsi olaraq, tamhüquqlu sənət növü kimi özünü göstərmişdir. Teatr və bədii oyun kuklası məziyyətindən ayrılmış, o, bədii kukla adına keçid alaraq, digər sənət əsərləri sırasında özünə layiq yer tutmuşdur.
Sonra iştirakçılar biennalenin keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirmişlər.
“Fusion doll” II Bakı Beynəlxalq kukla biennalesinə qatılmış kukla ustalarına Mədəniyyət və Turizm Nazirliyinin və “Kukla” art qalereyasının diplomları təqdim edilmişdir.
Sonra iştirakçılar nümayiş olunan əsərlərlə tanış olmuşlar.
Noyabrın 10-dək davam edəcək beynəlxalq kukla biennalesində 114 əsər nümayiş etdirilir.