BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 4 iyul (AZƏRTAC). İyulun 4-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində fəaliyyət göstərən yarmarkaya gətirilən kənd təsərrüfatı məhsullarının həcminin və çeşidinin bolluğu ilk baxışdan diqqəti cəlb edirdi. Burada fermerlərə və şəxsi təsərrüfat sahiblərinə və şəhər sakinlərinə alış-veriş üçün əlverişli şərait yaradılmışdır. Məhsul bolluğu qiymətlərə də xeyli təsir göstərmişdi. Burada qiymətlər bazarla müqayisədə 30-40 faiz ucuz idi. Məhsullar arasında Salyan, Astara, Qusar, Dəvəçi və digər rayonlardan gətirilmiş təzə kələm, kartof, badımcan, yerkökü, çuğundur, xiyar, pomidor, bibər, ağartı məhsulları, alça, gilas, ərik, sitrus meyvələri, göyərti və s. çoxluq təşkil edirdi.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Vahid Zərgərovun verdiyi məlumata görə, bugünkü yarmarkada satışa 64 ton 500 kiloqram məhsul çıxarılmışdır. Bu da ötən şənbə ilə müqayisədə 1 ton 100 kiloqram çox idi.
Suraxanıda “Günəş” ticarət mərkəzindəki yarmarkaya Samux, Daşkəsən, Quba, Biləsuvar, Balakən və digər rayonlardan 54 ton 700 kiloqram məhsul gətirilmişdi. Məhsullar arasında kartof, soğan, yerkökü, kələm, göyərti, balqabaq, ət, süd məhsulları, göyərti, xiyar, badımcan, alma, armud, qoz, pomidor, lobya, alça, çiyələk, gilas, ərik, şaftalı, qarağat, gavalı və digər məhsullar çoxluq təşkil edirdi.
“Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada isə Cəlilabad rayonunun fermerləri sakinlərə 10 ton 600 kiloqram məhsul təklif edirdilər. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov demişdir ki, hər iki yarmarkada məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, xüsusilə ət məhsulları baytar müayinəsindən keçirilir.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzindəki yarmarkada şəhər sakinləri Qəbələ, Qax, Ağcabədi, Biləsuvar, Quba, Salyan, Kürdəmir və Şəmkir rayonlarından gətirilmiş meyvə-tərəvəzi və ağartı məhsullarını həvəslə alırdılar. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Qüdrətov bildirdi ki, yarmarkada alıcıların arzu və təklifləri diqqətlə öyrənilir, onların hansı məhsula daha çox tələbatı olduğu öyrənilir, növbəti yarmarkada həmin məhsulun çeşidi və həcmi artırılır. Bu gün satışa 240 ton meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları çıxarılmışdır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Əliyevinin verdiyi məlumata görə, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkaya şənbə günü Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz və Qobustan rayonlarından 32 ton 200 kiloqram məhsul gətirilmişdi. Alıcılara Giləzi və Goradil broyler fabriklərindən 20 min yumurta da təklif olunurdu.
Yarmarkada kartof və xiyarın kiloqramı 30, soğan, kələm 40, pomidor 70 qəpiyə, gilas, ərik 1 manat 50 qəpiyə, mal əti 4 manata, qoyun əti 4 manat 50 qəpiyə satılırdı.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
