BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 9 noyabr (AZƏRTAC). Noyabrın 8-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
“Təzə bazar” MMC-nin həyətindəki yarmarkada alıcılara Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 3,5 ton tərəvəz, 3 ton meyvə, 2 ton kartof, 2 min ədəd yumurta, 30 kiloqram bal təklif olunurdu. Sakinlər məhsulların qiymətindən və keyfiyyətindən razılıq edirdilər. Burada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, badımcan, xiyar, kələm, çuğundur, soğan və kartof 20-50 qəpiyə və s. satılırdı.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, şənbə günü Salyan, Quba, Qusar, Astara və Dəvəçi rayonlarından gətirilmiş 91 ton meyvə-tərəvəzin təqribən 70 faizi artıq satılıb qurtarmışdır.
Güclü yağış yağmasına və havanın soyuqluğuna baxmayaraq, buraya üz tutan alıcıların sayı xeyli artmışdı. Kartofun kiloqramı 30-50, soğan 40, pomidor 60-80, badımcan, heyva 30-40, nar 40-50, alma 25-40, balqabaq 30, göyərtinin 2-3 dəstəsi 10-15 qəpiyə satılırdı.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş məhsulların çeşidinin bolluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, şənbə və bazar günləri burada əhaliyə 271 ton meyvə-tərəvəz, ət və digər məhsullar satılmışdır. Yarmarkada alma, nar, xurma, kartof, bal və s. üstünlük təşkil etmişdir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya fermerlər Qazax və Ağsudan kələm, pomidor, turp, alma, kök, kartof, üzüm, nar, digər çeşiddə meyvə-tərəvəz və süd məhsulları gətirmişdilər. Həmin məhsullar alıcılar üçün əlverişli qiymətlərə təklif olunurdu.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədovun verdiyi məlumata görə, şənbə və bazar günlərində burada 16 tonadək məhsul satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada isə Goranboy, Bərdə və Ağstafa fermerləri alıcılara ucuz qiymətlərə meyvə-tərəvəz, bostan məhsulları təklif etmişlər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Savalan Seyfəddinov bildirmişdir ki, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə və bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 44,9 ton məhsul satılmışdır.
######
