BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 14 noyabr (AZƏRTAC). Noyabrın 14-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Təzə bazar” MMC-nin həyətindəki yarmarkaya Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan geniş çeşiddə məhsul gətirilmişdi. Səhər tezdən buraya gələn alıcılar - pensiyaçı Adilə Cəfərova, evdar qadın Almaz Əliyeva və başqaları məhsulların bazarlara nisbətən ucuz olduğuna görə təşkilatçılara və fermerlərə minnətdarlıq edirdilər.
Gədəbəyli Arzu Tanrıquliyev gətirdiyi 3 ton meyvə-tərəvəzi, bal və pendiri münasib qiymətə satırdı. Fermer yaradılan şəraitdən razılığını bildirdi.
Yarmarkada qoyun ətinin kiloqramı 4 manat 50 qəpiyə, mal əti 4 manata, kartof, kələm, soğan, çuğundur, badımcan, xurma və alma 20-50 qəpiyə və s. satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərov bildirdi ki, bu gün alıcılara 16,3 ton məhsul, o cümlədən 2,5 ton ət, 0,5 ton ağartı, 5 ton tərəvəz, 4 ton kartof, 3,5 ton meyvə, 3 min ədəd yumurta təklif olunur.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, bu gün satışa Salyan, Dəvəçi, Qusar, Astara, Quba rayonlarından gətirilmiş 80,1 ton məhsul çıxarılmışdır.
Bu dəfə də yarmarkaya məhsul gətirən rayonlar arasında həm meyvə-tərəvəzin miqdarına, həm də çeşidin müxtəlifliyinə görə Salyan rayonu birincidir. Paytaxt sakinlərinə təklif olunan kənd təsərrüfatı məhsullarının xeyli hissəsi bu rayonun payına düşür. Mövsümi meyvə- tərəvəzin bolluğu və çeşidin müxtəlifliyi qiymətlərə də ciddi təsir göstərir. Məhsullar bazarlardakından, demək olar, yarıbayarı ucuz təklif olunur.
Badamdar qəsəbəsinin mərkəzində, 239 nömrəli məktəbin yaxınlığındakı yarmarkada paytaxt sakinlərinə Ağdaş, Salyan, Sabirabad, Quba, Şəmkir, Saatlı, Qazax və digər rayonlardan gətirilmiş 23 tondan çox kənd təsərrüfatı məhsulu, Giləzi quşçuluq fabriklərindən isə 15 min 200 ədəd yumurta təklif olunurdu.
Şəmkir rayonunun Çaparlı kəndindən gəlmiş Səlim Məmmədov deyir ki, yarmarkaya 7 hektar pay torpağımızda becərdiyimiz 3 ton 200 kiloqram kələm, 400 kiloqram çuğundur, 220 kiloqram kök, 150 kiloqram xiyar gətirmişəm. Qiymətlər münasibdir. Kələmin kiloqramını 20, çuğunduru və kökü isə 30 qəpiyə təklif edirəm. Yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Qəsəbə sakinləri Asif Məmmədov, Rövşən Yunisov və başqaları yarmarkanın təşkilindən, burada yaradılan şəraitdən, məhsulların ucuzluğundan razılıqlarını bildirdilər.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlardan gətirilmiş məhsulların çeşidinin bolluğu diqqəti cəlb edirdi.
İşçi qrupunun qərargahından verilən məlumata görə, burada əhaliyə 270 ton meyvə-tərəvəz, ət və digər məhsullar təklif olunur. Yarmarkada alma, nar, xurma, kartof, bal və s. üstünlük təşkil edir.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkada Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, satışa 16 tondan çox pomidor, alma, kartof, üzüm, kələm, nar və süd məhsulları çıxarılmışdır. Qazax və Ağsudan gətirilmiş bu məhsulların qiymətləri bazardakından 25-35 faiz ucuzdur.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada Goranboy, Bərdə və Ağstafa fermerləri alıcılara ucuz qiymətə təzə meyvə-tərəvəz, bostan məhsulları təklif edirdilər.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminov bildirmişdir ki, Nərimanov rayonunun Ə.Əliyev küçəsindəki yarmarkada Xaçmaz, Tərtər, İmişli, Tovuz, Astara, Oğuz, Qobustan rayonlarının fermerləri satışa 35,2 ton meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsulları, Giləzi, Goradil broyler fabriklərinin nümayəndələri isə 10 mindən çox yumurta çıxarmışdılar.
Tovuz rayonunun Dönük Qırıqlı kənd sakini Rafiq Həsənov bakılılara öz həyətyanı sahəsindən gətirdiyi 1,2 ton meyvə-tərəvəzi münasib qiymətlərə təklif edirdi.
Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları yarmarkada məhsulun keyfiyyətinə və qiymətinə nəzarət edirdilər.
######
