BAKIDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Bakı, 16 noyabr (AZƏRTAC). Noyabrın 15-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fərhad Qəmbərovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada şənbə və bazar günləri Sabirabad, Zərdab, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 10 tondan çox məhsul, o cümlədən 1,5 ton ət, 0,2 ton ağartı, 3 ton tərəvəz, 2,6 ton kartof, 2,5 ton meyvə, 3 min ədəd yumurta, 30 kiloqram bal satılmışdır. Burada qiymətlər bazardakından 20-25 faiz aşağı olduğu üçün paytaxt sakinləri gün ərzində istədikləri məhsulu ucuz qiymətə ala bilmişlər.
Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirmişdir ki, iki gün ərzində burada Astara, Salyan, Quba, Qusar və Dəvəçi rayonlarının fermerləri 80,1 ton meyvə-tərəvəz satılmışdır.
Mövsümə uyğun satışa çıxarılmış kənd təsərrüfatı məhsullarının qiyməti münasib olmuşdur.
Metronun “Əhmədli” stansiyasının yaxınlığında, “Azər” ticarət mərkəzində təşkil edilmiş yarmarkaya fermerlər təzə və keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar. Alıcılar kənd təsərrüfatı məhsullarının qiymətlərinin onlar üçün əlverişli olduğunu bildirirdilər.
Şənbə və bazar günləri burada Ağcabədi, Quba, Kürdəmir, Qax, Biləsuvar və digər rayonlarının fermerləri 270 ton məhsul satmışlar.
Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi, 284 nömrəli orta məktəbin yaxınlığındakı yarmarkaya fermerlər Qazax və Ağsudan təzə meyvə-tərəvəz, süd məhsulları gətirmişdilər. Şəhər sakinləri ucuz qiymətlərə təklif olunan bu məhsulları həvəslə alırdılar.
Qazax Rayon İcra Hakimiyyətinin nümayəndəsi İman Məmmədov bildirmişdir ki, şənbə və bazar günləri yarmarkada 15 tonadək meyvə-tərəvəz satılmışdır.
Binəqədi rayonunda 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkada satışa Bərdə, Ağstafa və Goranboy fermerləri keyfiyyətli kənd təsərrüfatı məhsulları çıxarmışdılar.
Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkada şənbə-bazar günləri Xaçmaz, Tərtər, Salyan, İmişli, Neftçala, Tovuz, Oğuz, Beyləqan, Daşkəsən rayonlarından gətirilmiş 35,2 ton məhsul satılmışdır.
######
![]() |
![]() |

