Bakıda kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir
Bakı, 7 may (AZƏRTAC). AZƏRTAC xəbər verir ki, mayın 7-də Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən olunmuş yerlərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədi ilə keçirilən yarmarkalara, mövsümə uyğun olaraq, əsasən meyvə-tərəvəz məhsulları çıxarılmışdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Zakir Bağırovun verdiyi məlumata görə, “Təzə bazar” MMC-nin həyətindəki yarmarkada satışa Sabirabad, Gədəbəy, Hacıqabul və digər rayonlardan gətirilmiş 18 ton məhsul çıxarılmışdır. Paytaxt sakinləri təzə və keyfiyyətli məhsulları həvəslə alırlar. Burada qiymətlər bazardakından 20-25 faiz ucuzdur.
Yasamal rayonunda, Bakı Rabitə və Nəqliyyat Kollecinin həyətində təşkil olunan yarmarkada, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Saleh Zərbəliyev bildirdi ki, buraya Salyan, Qusar, Astara, Şabran və Quba rayonlarından 74 ton meyvə-tərəvəz, ət, balıq gətirilmişdir. Alıcılara təklif olunan məhsullar arasında kartof-soğan, xiyar, badımcan, kələm, alma, nar, heyva, sitrus meyvələri, yerkökü, çuğundur, göyərti, ağartı məhsulları, mal və qoyun əti, balıq çoxluq təşkil edir. Bütün növ məhsullar bazarlardakından 25-30 faiz ucuz satılır.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Mustafa Rüstəmov bildirmişdir ki, Suraxanı rayonu ərazisində təşkil olunmuş yarmarkalarda - “Günəş” ticarət mərkəzində və “Suraxanı Maşınqayırma Zavodu” Açıq Törəmə Səhmdar Cəmiyyətinin ərazisində satışa Samux, Daşkəsən, Quba, Biləsuvar, Cəlilabad, Balakən və Şəki rayonlarından gətirilmiş 26,6 ton məhsul çıxarılmışdır. Bazarlarla müqayisədə xiyar və pomidorun qiymətində 30-35 faiz ucuzlaşma müşahidə olunur. Məhsulların keyfiyyəti ciddi surətdə yoxlanılır, ət və süd məhsulları baytar müayinəsindən keçirilmişdir.
Xətai rayonunda yerləşən “Bakı kinoteatrı”nın yaxınlığındakı yarmarkada Qax, Salyan, Biləsuvar, Qəbələ, Ağcabədi, Şəmkir, Kürdəmir, Quba, Astara rayonlarından gətirilmiş 123 ton meyvə-tərəvəz, ət və süd məhsulları satılırdı.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Oqtay Hüseynovun sözlərinə görə, yarmarkada məhsulların qiymətləri bazarlardakından 25-30 faiz ucuzdur və məhsulların keyfiyyətinə nəzarət edilir. Burada mal ətinin kiloqramı 5 manata, qoyun əti 5 manat 50 qəpiyə, yumurtanın biri - 8-9, kartof - 60-70, soğan - 50 qəpiyə, xiyar - 1 manat -1 manat 20 qəpiyə, pomidor - 1 manat 20 -1 manat 50 qəpiyə, alma - 50 qəpik - 1 manata təklif olunur.
Binəqədi rayonu 6 nömrəli Bakı Texniki Peşə Liseyinin qarşısındakı yarmarkaya fermerlər bazardakından 20-30 faiz ucuz qiymətlərə müxtəlif çeşiddə meyvə-tərəvəz, süd məhsulları çıxarmışdılar. Şəhər sakinləri həmin məhsulları həvəslə alırdılar.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Qadir Həsənov bildirmişdir ki, Goranboy, Ağstafa, Siyəzən, Bərdə və digər rayonlardan yarmarkaya 16 ton məhsul gətirilmişdir.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Fəxrad Eminovun verdiyi məlumata görə, Nərimanov rayonu Ə.Əliyev küçəsindəki yarmarkaya Xaçmaz, Tərtər, Daşkəsən, İmişli, Oğuz, Beyləqan rayonlarından 28,7 ton keyfiyyətli məhsul, Giləzi broyler fabrikindən 10 min ədəd yumurta gətirilmişdir. Nərimanov Rayon İcra Hakimiyyətinin və Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri yarmarkada qayda-qanuna nəzarət edirlər.
######
