Bakıda Pakistanın Milli Gününün 78-ci ildönümü qeyd edilib
Bakı, 28 mart, AZƏRTAC
Pakistan İslam Respublikasının Milli Gününün 78-ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət qurumlarının və diplomatik korpusun nümayəndələri, deputatlar, KİV təmsilçiləri iştirak ediblər.
Tədbir hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Ölkəsinin müstəqillik tarixindən danışan səfir Said Xan Mohmand Azərbaycan ilə Pakistan arasındakı əlaqələrdən danışıb. O bildirib ki, iki ölkə arasında yüksək səviyyəli əlaqələr mövcuddur. Bizim ticari, diplomatik, müdafiə, təhsil, enerji sahələrində əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan Kəşmir məsələsində Pakistana dəstək olduğu kimi, biz də Dağlıq Qarabağ məsələsində həmişə Azərbaycanın yanındayıq.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov tədbirdə çıxış edərək Azərbaycan hökuməti adından Pakistan xalqını təbrik edib. O, Pakistanın Azərbaycan üçün çox mühüm bir ölkə olduğunu deyib. Təsadüfi deyil ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onu tanıyan ilk üç dövlətdən biri də Pakistan olub. Bununla yanaşı, Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanı bir dövlət kimi tanımayan yeganə dövlət də Pakistandır. Bu gün hər iki ölkəni möhkəm siyasi tellər bağlayır. Kəşmir və Dağlıq Qarabağ məsələlərində hər iki ölkə bir-birini dəstəkləyir.
İki ölkə arasında siyasi, mədəni və hərbi sahələrdə əlaqələrin yüksək səviyyədə olduğunu xatırladan nazir ticarət dövriyyəsinin artırılmasının, birbaşa hava əlaqələrinin yaradılmasının önəmini vurğulayıb.