İQTİSADİYYAT
Bakıda “Rəqəmsal transformasiya və istehsal məhsuldarlığı” mövzusunda müzakirələr aparılıb






Bakı, 26 oktyabr, AZƏRTAC
Oktyabrın 26-da Bakıda “Innovation Management and TRIZ Institute” (IMTI) İnstitutu, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) və The International Centre for Industrial Transformation (INCIT) təşkilatçılığı ilə “Rəqəmsal transformasiya və İstehsal məhsuldarlığı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, konfrans çərçivəsində müvafiq sahədə işgüzar müzakirələr aparılıb. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov bildirib ki, 4-cü Sənaye İnqilabının əsas məqsədlərindən biri bəşəriyyət üçün həyatın daha da asanlaşdırılması və yaşayış şəraitinin keyfiyyətinin yüksəldilməsidir. Bu, həm də insanların təhsil və dünyagörüşünü artırmaqla, iqtisadiyyata yeni işçi qüvvəsinin cəlb olunması ilə nəticələnəcək.
Müzakirələr zamanı bildirilib ki, 4-cü Sənaye İnqilabını digər sənaye inqilablarından ən çox fərqləndirən məqam insan müdaxiləsinə ehtiyac duymadan, özü düşünə bilən, problemləri təsbit və təhlil etmək qabiliyyətinə malik sistemlərin yaradılması və inteqrasiyasıdır.
Qeyd olunub ki, 4-cü Sənaye İnqilabının modern dünyamız üçün saysız-hesabsız faydaları vardır. 4Sİ texnologiyalarının köməyi ilə sistemlərin monitorinqi və diaqnostikası asanlaşdırıla, daha yüksək məhsuldarlıq təmin edilə, istehsal xərcləri azaldıla və hətta yeni biznes və xidmət modelləri inkişaf etdirilə bilər.
Sonda türkiyəli qonaq Aykut Yeni “4-cü Sənaye İnqilabı”nın və “SIRI” proqramının üstünlükləri barədə təqdimatla çıxış edib.