Bakıda rus rəssamı Vasili Tropininə həsr olunan görüş keçirilib
Bakı, 29 mart, AZƏRTAC
Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM) “İncəsənət haqqında söhbətlər” layihəsi çərçivəsində “qızıl əsr”in görkəmli rus rəssamı, portret janrının ustadı Vasili Tropininə həsr olunan yaradıcılıq görüşü keçirilib.
RİMM-dən AZƏRTAC-a bildiriblər ki, yazıçı, fotorəssam Rüstəm Hüseynov rus rəssamının həyatından söhbət açıb. O qeyd edib ki, rəssamın əsərləri xüsusi dəyərə malikdir. Çünki XIX əsrin ortalarına aid rus cəmiyyətinin sosial tipajlarının seçilməsində və onların təsvir edilməsində dəqiqliyinə görə bu rəsmlərin Rusiya incəsənətində oxşarı yoxdur. Tropinin rus incəsənətində bu xalqın xarakterinin diqqətli, ciddi təhlili ilə bağlı bütöv müstəqil cərəyanın banisi olub. Bu cərəyan XIX əsrin ikinci yarısında realist rəssamların yaradıcılığında inkişaf edib.
Görkəmli rus rəssamı “Moskvanın bir nömrəli portretçisi” hesab olunurdu. O, Moskva əsilzadələrinin, tacir təbəqəsinin, yaradıcı ziyalılarının nümayəndələrinin (heykəltəraş İ.P.Vitali, akvarelçi S.P.Sokolov, aktyor P.S.Moçalov, dramaturq A.V.Suxovo-Kobılin) üç mindən artıq portretini yaradıb.
Tropinin özünün yaradıcılığı ilə Moskva rəssamlıq məktəbinin formalaşdırılmasına böyük təsir göstərib, rus bədii sənətində realist təmayüllərin inkişafına kömək edib.