MƏDƏNİYYƏT
Bakıda “Şəhid həkimlər” filminin təqdimatı olub
Bakı, 27 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də “Balans Media”nın təşəbbüsü, Səbail Rayon Veteranlar Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsinə həsr olunan “Şəhid həkimlər” filminin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ekran əsərində Vətən müharibəsi zamanı ön və arxa cəbhədə yaralı əsgər və zabitlərimizə ilkin tibbi xidmət göstərən, onlarla birlikdə düşmənlə mübarizə apararaq qəhrəmancasına həlak olan şəhid həkimlərimizdən bəhs olunur.
Filmdə tibb bacısı Arəstə Baxışovnın, tibb xidməti leytenantı Turqut Xəlilbəylinin, tibb baş leytenantı Şöhrət Qasımovun və gizir həkim Eldar Abdullayevin ömür yolundan, qəhrəmanlığından və Vətənə sonsuz sevgilərindən danışılır. Həmçinin hər 4 şəhid həkimin ailə üzvləri, yaxınları onlarla bağlı xatirələrini bölüşüb, qəhrəman həkimlərimizin Vətən müharibəsi zamanı göstərdikləri şücaətdən söz açıblar.
Bildirilib ki, Vətən müharibəsində hərbi qulluqçularla yanaşı, tibb işçiləri də misilsiz qəhrəmanlıq və şücaət göstərərək öz adlarını qızıl hərflərlə şərəfli tariximizə yazıblar. Onlar heçnədən qorxmadan əsgərlərimizin, hərbçilərimizin yanında olaraq həkimlik adını daha da zirvələrə qaldırıblar.
Qeyd edilib ki, 44 gün davam edən müharibə Azərbaycanın parlaq Qələbəsi ilə başa çatıb və 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar azad edilib. Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu tarixi ədaləti bərpa edib.
Xüsusi olaraq diqqətə çatdırılıb ki, ərazilərin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş vətən oğulları heç vaxt unudulmayacaq.
Filmin ssenari müəllifi və rejissoru Azərbaycan Televiziyasının əməkdaşı Gülüstan Əkbər, televiziyanın quruluşçu operatoru Ramil Qoca, montaj rejissoru Ədil Sadıqli, redaktoru Cuma Əzizdir.
Təqdimat mərasimində həkim şəhidlərin ailə üzvləri, həmkarları, döyüş yoldaşları və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.