Bakıda “SOCAR” brendli iki yanacaqdoldurma məntəqəsi açılmışdır
Bakı, 18 oktyabr (AZƏRTAC). Oktyabrın 18-də Bakıda “SOCAR” brendi altında fəaliyyət göstərəcək iki yanacaqdoldurma məntəqəsi (YDM) açılmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev yanacaqdoldurma məntəqələrinin açılış mərasimində iştirak etmişdir.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Bakının Xətai rayonunun Babək prospektindəki 2315-ci məhəllədə yeni inşa edilmiş 13 nömrəli yanacaqdoldurma məntəqəsinin açılışı olmuşdur. Rəmzi qırmızı lenti kəsdikdən sonra “SOCAR-Petroleum” şirkətinin əməkdaşlarını əlamətdar hadisə münasibətilə təbrik edən Rövnəq Abdullayev məntəqədə yaradılmış şəraitlə tanış olmuşdur.
ARDNŞ prezidentinə məlumat verilmişdir ki, yanacaqdoldurma məntəqəsində 40 nəfər işçi çalışacaqdır. Burada market, kafe, valyutadəyişmə məntəqəsi fəaliyyət göstərəcəkdir. Qeyd olunmuşdur ki, məntəqədə POS-terminal quraşdırılmışdır. Burada müəssisə və şirkətlərə məxsus nəqliyyat vasitələri üçün nağdsız hesablaşmaların aparılması məqsədilə “Smart kart” sistemi də fəaliyyət göstərir.
Daha sonra Nizami rayonunun O.Vəliyev küçəsi ilə Babək prospektinin kəsişməsində yerləşən 14 nömrəli analoji yanacaqdoldurma məntəqəsinin də açılışı olmuşdur. ARDNŞ prezidentinə ölkədə “SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma stansiyaları şəbəkəsinin hazırkı durumu haqqında məlumat verilmişdir. Qeyd edilmişdir ki, ARDNŞ respublikanın pərakəndə neft məhsulları bazarına ötən ilin üçüncü rübündə daxil olsa da qısa müddət ərzində bu bazarda mövqeyini möhkəmləndirmişdir.
R.Abdullayev görülən işləri müsbət qiymətləndirmiş, qısa müddətdə ölkənin pərakəndə neft məhsulları bazarında həyata keçirilmiş tədbirlərdən razı qaldığını bildirmişdir. O, yeni məntəqələrin dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü təntənələri ilə eyni vaxtda istismara verildiyini xatırladaraq bayram münasibətilə yanacaqdoldurma məntəqəsinin kollektivlərini təbrik etmiş, “SOCAR-Petroleum” birgə müəssisəsi tərəfindən əhaliyə göstərilən xidmət səviyyəsinin bundan sonra da yüksək olacağına əminliyini vurğulamışdır.