Bakıda türk dövlətlərinin maliyyə və fintex sektoruna dair müzakirələr aparılır VİDEO
Bakı, 13 oktyabr, AZƏRTAC
Türk Dövlətləri Fintex Alyansının (TÜRKFİN) təşkilatçılığı ilə oktyabrın 13-də Bakıda “Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” adlı tədbir keçirilir.
AZƏRTAC xəbər verir ki, türk dövlətlərinin maliyyə və fintex sektorunun aparıcı nümayəndələrinin iştirak etdiyi tədbirdə rəqəmsal ödənişlərin gələcəyi, ortaq tənzimləmə yanaşmaları və yeni nəsil ödəniş trendləri müzakirə olunacaq. Proqramın günün ikinci yarısında keçiriləcək B2B işgüzar görüşləri çərçivəsində sektor nümayəndələri əməkdaşlıq imkanlarını müzakirə edəcəklər.
“Bakı Fintex Sektoru Ticarət Heyəti Proqramı” türk dövlətləri arasında fintex və maliyyə texnologiyaları sahəsində regional əməkdaşlığın inkişafına həsr olunmuş platformadır.
Tədbir müxtəlif ölkələrdən fintex şirkətlərini, ödəniş və elektron pul təşkilatlarını, maliyyə institutlarını, investorları, texnologiya təminatçılarını və sektor assosiasiyalarını bir araya gətirərək yeni biznes əlaqələrinin və əməkdaşlıq imkanlarının qurulmasına şərait yaradır.