İDMAN
Bakıda “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirilmişdir
Bakı, 4 noyabr (AZƏRTAC). Noyabrın 4-də Bakıda “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimi keçirilmişdir. Bu il aprelin 29-da İspaniyanın paytaxtı Madriddə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə “Real Madrid” Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinmişdir.
Əvvəlcə qonaqlar meydançada sosial məktəbin şagirdlərinin bacarığını nümayiş etdirən fotolardan ibarət sərgi ilə tanış olmuşlar.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkədə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir.
Bildirmişdir ki, ölkə başçısı İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması idmanın bu növünün inkişafına böyük təkan verməkdədir. Dünya şöhrətli “Real Madrid” Fondunun əməkdaşlığı ilə MDB-də, həmçinin regionda ilk sosial məktəbin Bakıda açılması futbolun ölkəmizdə kütləviləşməsinə böyük imkanlar açacaqdır. Hazırda “Real Madrid” Fondunun dünyanın 65 ölkəsində 200-dən artıq sosial futbol məktəbi fəaliyyət göstərir. “Vətən” sosial futbol məktəbi Təhsil Nazirliyinin dəstəyi ilə Bakıdakı “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərəcəkdir.
Bakıda ilk sosial futbol məktəbinin açılışını yüksək qiymətləndirən “Real Madrid” Fondunun vitse-prezidenti Enrike Sançes bu layihənin tarixindən danışmış və gələcəkdə görüləcək işlər barədə məlumat vermişdir. Gənclər və İdman Nazirliyi və Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi nəticəsində layihənin gerçəkləşdiyini bildirən E.Sançes sosial məktəbin cari ilin sentyabrından fəaliyyətə başladığını demişdir.
Vurğulamışdır ki, bu gün böyük məmnuniyyətlə yarısı qızlardan ibarət olmaqla yüzlərlə uşağa futbol vasitəsilə dəyərləri aşılayan məktəbi davamlı bir layihə çərçivəsində rəsmi olaraq təqdim edirik. Söhbət yoldaşlıq, komanda işi, çətinlikləri dəf etmə kimi onların fərdi inkişafı üçün əhəmiyyətli dəyərlərdən gedir.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ölkədə idmana göstərilən dövlət qayğısının əhəmiyyətindən danışmış və məktəbə fəaliyyətində uğurlar arzulamışdır.
Qonaqlar açılışı bildirən qırmızı lenti kəsdikdən sonra rəmzi olaraq topa ilk toxunuş etmişlər.
Sonda xatirə şəkli çəkdirilmişdir.
Qeyd edək ki, “Vətən” sosial futbol məktəbinə 8-17 yaşlılar, risk altında olan və yoxsulluqdan əziyyət çəkən ailələrin uşaqları daxil ola biləcəklər. Məktəbə qəbul zamanı uşağın təhsil və dərsə davamiyyət göstəricisi və ailənin sosial statusu (qaçqın və məcburi köçkün) nəzərə alınacaqdır.
2013/2014-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulur. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 nəfər məktəbdə keçirilən məşqlərdə müntəzəm iştirak edir.