Bakıda Vyetnam ictimaiyyətinin nümayəndələri ilə görüş
Bakı, 15 may, AZƏRTAC
Mayın 15-də Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda Vyetnam ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Görüşdə ölkəmizdə yaşayan, müxtəlif şirkət və təşkilatlarda çalışan, respublikamızın ali məktəblərində təhsil alan vyetnamlılar iştirak ediblər.
Prezident Çıonq Tan Şanqa ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına, humanitar əlaqələrin genişləndirilməsinə dair məlumat verildi.
Görüşdə Vyetnam ictimaiyyətinin nümayəndələri dövlət başçısına Azərbaycandakı fəaliyyətləri, çalışdıqları sahələr, təhsil aldıqları müəssisələr barədə məlumat verdilər, ölkəmizdə onlar üçün yaradılan şəraitdən, tolerantlıq mühitindən və xalqımızın qonaqpərvərliyindən bəhs etdilər.
Prezident Çıonq Tan Şanq Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi görüşləri və səmərəli danışıqlarından, ölkələrimiz arasında sürətlə inkişaf edən və zəngin ənənələrə malik dostluq münasibətlərindən, əməkdaşlığın daha da genişləndirilməsi üçün mövcud olan böyük potensialdan, bu istiqamətdə aparılan işlərdən söhbət açdı.
Vyetnam ictimaiyyəti nümayəndələrinin ölkələrimiz arasında münasibətlərin möhkəmləndirilməsinə böyük töhfə verdiklərini qeyd edən Prezident Çıonq Tan Şanq onlara daha əzmlə çalışmaq, tələbələrə isə daha yaxşı təhsil almaq barədə tövsiyələrini verdi.
Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim edildi və birgə foto çəkdirildi.