Bakıda WUF13 çərçivəsində xarici media nümayəndələri üçün şəhər turu təşkil olunub VİDEO
Bakı, 20 may, AZƏRTAC
Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) çərçivəsində ölkəmizə səfər edən xarici media nümayəndələri üçün Medianın İnkişafı Agentliyi və WUF13 Azərbaycan Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Bakının mədəni və tarixi məkanlarına mediatur təşkil edilib.
AZƏRTAC xəbər verir ki, İtaliya, Çin, Rusiya, Hindistan, Keniya, Tunis və digər ölkələrdən olan media nümayəndələrinə mayın 20-də Bakının müasir şəhərsalma nümunələri və zəngin tarixi-mədəni irsi ilə yaxından tanışlıq imkanı yaradıb.
Səhər saatlarında WUF13 Media Mərkəzindən başlayan tur çərçivəsində iştirakçılar əvvəlcə paytaxtın ən müasir şəhərsalma layihələrindən biri olan “Ağ Şəhər”lə tanış olublar. Onlara layihənin inkişaf mərhələləri, ekoloji regenerasiya konsepsiyası və müasir urbanizasiya yanaşmaları barədə ətraflı məlumat verilib. Marşrut üzrə Qarabağ Atları Meydanı, Heykəllər Kompleksi, Su Pavilyonu, Tarixi kerosin distillasiya qurğuları, Fəvvarələr Meydanı Parkı, Ağ Şəhər Piyada Körpüsü və Zaman Meydanı kimi məkanlar da ziyarət edilib.
Daha sonra media nümayəndələri dünya memarlığının nümunələrindən sayılan Heydər Əliyev Mərkəzinə gəliblər. Qonaqlara mərkəzin unikal memarlıq üslubu, sərgiləri və burada həyata keçirilən mədəni layihələr barədə məlumat təqdim olunub.
Ardınca beynəlxalq media nümayəndələri Bakı şəhərinin qədim tarixi hissəsi olan İçərişəhərə gəliblər.
UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş bu ərazidə Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi və digər orta əsr abidələri barədə onlara məlumat verilib.
Səfərin sonunda jurnalistlər turun yüksək səviyyədə təşkil olunduğunu və Bakının tarixi ilə müasir şəhərsalma modelinin vəhdətinin onlarda dərin təəssürat yaratdığını qeyd ediblər.
Qeyd edək ki, şəhər turunun əsas məqsədi WUF13 iştirakçılarına Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələri, həmçinin paytaxt Bakının tarixi və müasir inkişaf modelini beynəlxalq media nümayəndələrinə təqdim etməkdir.