Bakıdakı Rus evi “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” aksiyası keçirir
Bakı, 4 sentyabr, AZƏRTAC
Sentyabrın 3-də Bakıdakı Rus evi və “Bank VTB (Azərbaycan)”ın “Uşaqlara məktəbə hazırlaşmağa kömək et” illik layihəsi çərçivəsində Azərbaycanın İsmayıllı rayonunun İvanovka kəndində gələcək birinci sinif şagirdlərinə bel çantaları və məktəb ləvazimatları təqdim edilib.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin (RİMM) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası və N.Nikitin kolxozunun dəstəyi ilə keçirilib.
Tədbirin açılışında Rus evinin rəhbəri İrek Zinnurov, kolxozun sədri Vasili Novoseltsev və Bakı Yeparxiya İdarəsinin katibi arximandrit Aleksi çıxış ediblər.
“Uşaqlara məktəbə hazırlaşmağa kömək et” layihəsi cari ildə birinci sinfə gedən aztəminatlı ailələrdən olan uşaqların dəstəklənməsinə yönəlib və Azərbaycanın Rus İcması, Bakı və Azərbaycan Yeparxiyası, Rusdilli Tədris Müəssisələri Assosiasiyası, “Yaşlek” Azərbaycan-Tatar Gəncləri Mərkəzi, eləcə də “GID CSR Consulting” xeyriyyə təşkilatının dəstəyi ilə Rus Evi və Bank VTB (Azərbaycan) tərəfindən həyata keçirilir.
Aksiyanın birinci mərhələsi Nic kəndində keçirilib. Burada Azərbaycanın Alban-Udi Xristian Dini İcmasının dəstəyi ilə birinci sinfə gedən 50 uşaq məktəb üçün bel çantaları və bütün zəruri dəftərxana ləvazimatı ilə təmin edilib.