BAKININ RAYONLARINDA KƏND TƏSƏRRÜFATI MƏHSULLARININ NÖVBƏTİ SATIŞ YARMARKALARI KEÇİRİLMİŞDİR
Sentyabrın 3-də - bazar günü Bakı şəhərinin rayonlarında əvvəlcədən müəyyən edilmiş ərazilərdə kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilmişdir. Bu dəfə də qiymətlər bazarlardakından xeyli ucuz olmuşdur.
Nərimanov rayonunda, metronun “Nərimanov” stansiyasının yanında, Ə.Əliyev küçəsi, 26 ünvanında, “Bakı Taxıl” Açıq Səhmdar Cəmiyyətinin ərazisindəki yarmarkada Xaçmaz, Beyləqan rayonlarından gətirilmiş meyvə-tərəvəz, “Avropa” və “Hacı Camalxan” şirkətlərinin, “Giləzi Broyler” ASC-nin məhsulları satılırdı. Gədəbəylilər bal, qobustanlılar ət, lənkəranlılar quru çay təklif edirdilər. Şənbə gününə nisbətən seyrəklik olsa da, paytaxt sakinləri bu ucuz və təzə məhsulları həvəslə alırdılar.
Xandadaş Məcidov Lənkəranın Şıxakiron kəndindən gəlib. “Buket” çayı satır. Dediyinə görə, öz plantasiyasının məhsuludur. Emal müəssisəsi ilə müvafiq müqaviləsi var. Xandadaş çay yarpağını yığıb müəssisəyə təhvil verir, sonra müqavilədə nəzərdə tutulmuş şərtə əsasən, oradan hazır məhsul götürür. O, alıcılara yerli çayın dəmlənməsi qaydasını izah etməyi də unutmurdu.
Yarmarkada qiymətlərə, məhsulun keyfiyyətinə, ərazinin sanitariya vəziyyətinə, asayişə nəzarət olunurdu.
İşçi qrupunun üzvləri - Kənd Təsərrüfatı Nazirliyinin, Nərimanov və buraya məhsul gətirən rayonların icra hakimiyyətlərinin nümayəndələri son iki gündə alıcılardan daxil olmuş təklifləri təhlil edir, növbəti şənbə və bazar günləri keçiriləcək satış yarmarkasına çıxarılacaq məhsulların həcmini müəyyənləşdirirdilər.