Balakəndə 7 kəndin bələdiyyə sədrləri barədə protokollar tərtib olunub
Balakən, 30 avqust, AZƏRTAC
Sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin daha da gücləndirilməsi məqsədilə Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən nəzarət tədbirləri keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Gərəkli, Kortala, İtitala, Tülü, Talalar, Mahamalar və Püştətala kəndlərində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub.
Faktlarla bağlı adları qeyd olunan kəndlərin bələdiyyə sədrləri barədə İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.