BALAKƏNDƏ İDMANIN MÜXTƏLİF NÖVLƏRİ ÜZRƏ RAYON BİRİNCİLİKLƏRİ KEÇİRİLMİŞDİR
Balakən Rayon Gənclər və İdman İdarəsindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, 5 mart - Bədən Tərbiyəsi və İdman günü respublikanın hər yerində olduğu kimi, bu rayonda da maraqlı idman tədbirləri ilə qeyd olunmuşdur. Bayram münasibətilə keçirilən gimnastika, şahmat və karate, güləş və digər idman növləri üzrə rayon birinciliklərinə artıq yekun vurulmuşdur.
Balakəndə ilk dəfə olaraq keçirilən idman gimnastikası üzrə rayon birinciliyində 23 gimnast iştirak etmişdir. Qızların yarışında şəhərdəki 1nömrəli orta məktəbin şagirdi Aynur Gəncəyeva, oğlanların mübarizəsində isə 2 nömrəli məktəbin şagirdi Mehdi Məmmədli qalib gəlmişlər.
Yeniyetmələr arasında keçirilən şahmat birinciliyində 50-yə yaxın şahmatçı mübarizə aparmışdır. Şahmat məktəbində təşkil olunan bu yarış humanitar və texniki təmayüllü liseyin şagirdi Elçin Ocaqverdiyevin qələbəsi ilə başa çatmışdır.
Bundan əlavə, əlamətdar bayram münasibətilə şəhərdəki 2 nömrəli orta məktəbdə karatenin sindo-ryu növü üzrə yarışlar, idman məktəbində 75 idmançının iştirakı ilə sərbəst güləş yarışları, habelə oğlanlar arasında voleybol üzrə rayon birincilikləri də keçirilmişdir.
Yarışların qalibləri rayon gənclər və idman idarəsinin fəxri fərmanları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.