Balakəndə “Oxu məni” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib
Balakən, 23 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 23-də Balakən rayon Mədəniyyət Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Oxu məni” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Balakən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Mədəniyyət Mərkəzinin birgə təşkil etdikləri “Oxu bayramı”nda rayonun yazarları, fəal oxucular, mədəniyyət işçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən rayon MKS-dən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə foyedə müxtəlif elm sahələrini əhatə edən kitablardan ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Liderin və ərazi bütövlüyünüz uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ulu Öndərə, Vətənə və kitaba həsr olunmuş şeirlər səsləndirilib, mahnılar ifa olunub. Çıxış edənlər Ümummilli Liderin çoxşaxəli fəaliyyətindən söz açıb, bilik mənbəyi olan kitabın geniş təbliğində belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıblar.
Sonda bir qrup kitabxana işçisinə fəxri fərmanlar təqdim edilib.