Balakəndə Ulu Öndərə həsr olunmuş tədbir: “Əbədiyyətin ilk əsri”
Balakən, 13 iyun, Mustafa Dadaşov, AZƏRTAC
İyunun 13-də Balakən şəhər Uşaq İncəsənət Məktəbində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əbədiyyətin ilk əsri” adlı konsert proqramı təqdim olunub. Bakı şəhər Səid Rüstəmov adına 13 saylı və Balakən şəhər Uşaq İncəsənət məktəbləri şagirdlərinin təqdim etdikləri konsert proqramında görkəmli tarzən, Xalq artisti, professor Ramiz Quliyev, rayon rəhbərliyi, musiqisevərlər iştirak ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, Azərbaycanın milli musiqi sənətinin zəngin və çoxəsrlik tarixə malik olduğunu, Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə musiqi sənətinin inkişafının dinamik xarakter aldığını bildirib. Diqqətə çatdırılıb ki, 1966-cı ildən fəaliyyət göstərən Balakən şəhər Uşaq İncəsənət Məktəbi yarandığı gündən gənc nəslin estetik təlim-tərbiyəsi və musiqi mədəniyyətinin inkişafı üçün mühüm işlər həyata keçirib. Ali və orta ixtisas musiqi məktəbləri üçün baza rolunu oynayan təhsil ocağı rayonda uşaq və gənclərin musiqi tərbiyəsində, istedadlı musiqiçilər nəslinin yetişdirilməsində, bütövlükdə rayonun mədəni həyatında özünəməxsus rol oynayır. Məktəbdə yaradılan musiqi kollektivləri və ansambllar mədəniyyətimizin inkişafı, milli musiqimizin qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Konsert proqramı izləyicilər tərəfindən maraqla qarşılanıb.