Balakənli fermerlər indiyədək emal məntəqəsinə 67,6 ton yaş tütün təhvil veriblər
Balakən, 15 iyul, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Balakən rayonunun təsərrüfatlarında 300 hektar sahədə tütün əkilib. Balakənli fermerlər cari mövsümdə 243 hektar sahədə “Virciniya botaniki”, 57 hektarda isə yerli “İmmuniy” növlü tütün sortları yetişdirirlər. Hazırda rayonun təsərrüfatlarında tütün yığımı davam edir. İndiyədək sahələrdən 67,6 ton “Virciniya botaniki” növlü yaş tütün yarpağı yığılıb. Dərilən yaş tütün “Azərtütün ASK” MMC-nin Zaqatala rayonunda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə gətirilərək qurutma kameralarına yerləşdirilib. Yerli “İmmuniy” növ tütün isə istehsalçıların özləri tərəfindən ipə düzülərək qurudulur.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Şahin Rəhimli məlumat verib.
Qurum rəsmisinin sözlərinə görə, Talalar kəndindən Nüsrət Əsgərov bu günədək emal məntəqəsinə 33,4 ton, Kortala kəndindən Ceyhun Məmmədov 5,8 ton, Qazma kəndindən Tahir Məmliyev 3,5 ton yaş tütün kütləsi təhvil veriblər. Gərəkli kəndindən olan Ələddin Xıpıyevin təsərrüfatında isə indiyədək 4,5 ton “İmmuniy” növlü quru tütün istehsal olunub.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.