Balakənli gənclər idman meydançalarında qüvvələrini sınayırlar
Balakən, 2 mart, Mustafa Dadaşov, AZƏRTAC
5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə martın 2-də Balakən rayonunda idmanın müxtəlif növləri üzrə yarışlar başlanıb. Rayon gənclər və idman idarəsinin tədbirlər planına əsasən, hər il keçirilən bu yarışlar rayonda idmanın kütləviliyinin artmasında mühüm rol oynayır.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, Hənifə kənd tam orta məktəbinin idman zalında qızlardan ibarət komandalar arasında voleybol üzrə yarışlara artıq yekun vurulub. Doqquz komandanın iştirakı ilə keçirilən yarışda Şərif kənd 1 saylı tam orta məktəbin komandası bütün rəqiblərini məğlub edərək qalib adını qazanıb. Yarışda fərqlənən komandalar diplomlarla mükafatlandırılıblar.
Martın 3-də Balakən Olimpiya İdman Kompleksində yeniyetmələr arasında sərbəst güləş üzrə yarışlar başlanacaq. Silsilə tədbirlər çərçivəsində martın 5-də Gənclər Evində rayonun idman ictimaiyyəti ilə görüş də keçiriləcək.