BANM-in tələbələri “Azneft” İstehsalat Birliyinin fəaliyyəti barədə məlumatlandırılıb
Bakı, 4 mart, AZƏRTAC
“Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Daşqın İskəndərov, baş direktorun müavinləri Ədalət Eminov, Mehdi Vəliyev, Cəlair Səmədov, insan resursları departamentinin əməkdaşları, həmçinin digər struktur bölmələrinin rəisləri Bakı Ali Neft Məktəbinin (BANM) tələbələri ilə görüşüblər.
BANM-dən AZƏRTAC-a bildirilib ki, görüşdə rektor Elmar Qasımov ali məktəbin tələbələrinin 2-ci kursdan başlayaraq istehsalat təcrübəsinə başladıqlarını və “Azneft” İB-nin, eləcə də onun idarələrinin bu proqramların təşkilində böyük rolu olduğunu deyib.
Daşqın İskəndərov “Azneft” İB-nin fəaliyyəti, iş prinsipləri, struktur bölmələri və işlənilən layihələr haqqında məlumat verib. Bildirib ki, BANM-in tələbələri böyük maddi-texniki bazaya, hər cür şəraitə malik kampusda təhsil aldıqlarına görə çox şanslıdırlar.
Tədbirdə, həmçinin “Azneft” İB-nin istehsalat şöbəsinin rəisi Pərviz Əhmədov və Əli Əmirov adına neft-qaz çıxarma idarəsinin rəisi Ramin Quliyev əməkdaşlıqla bağlı təkliflərini irəli sürüblər. BANM-in məzunu, hazırda “Azneft” İB-nin qazma departamentinin böyük mühəndisi Mustafa Əsgərov tələbələrlə öz uğur hekayəsini paylaşıb və müəssisədə karyera imkanları, karyera hazırlığı, inkişaf mərhələlərindən danışıb.
BANM-in sonuncu kurs tələbələri müəssisənin rəhbərliyinə istehsalat təcrübəsi və karyera ilə bağlı suallar ünvanlayıblar.
Görüşün sonunda Elmar Qasımov “Azneft” İB-nin baş direktoruna tələbələrin istehsalat təcrübələri və karyera imkanlarının yaradılmasında verdiyi töhfələrə görə minnətdarlığını bildirib və ona ali məktəbin “Fəxri qonaq” plaketini təqdim edib.
Qonaqlar, həmçinin BANM-in kampusundakı infrastrukturla tanış olublar.