Baş direktor: Logistika dəhlizləri ərzaq təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır VİDEO
Bakı, 6 may, AZƏRTAC
Logistika və ərzaq təhlükəsizliyi bir-birindən ayrı nəzərdən keçirilə bilməz, çünki etibarlı logistika sistemi istehsal olunan məhsulu real ərzaq əlçatanlığına çevirən əsas amildir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Bakıda keçirilən “Müasir Kənd Təsərrüfatı Əməkdaşlığı Davamlı İnkişafın Təməli və Ərzaq Təhlükəsizliyinin Qarantı Kimi” adlı konfrans çərçivəsində təşkil olunan panel müzakirəsində çıxışı zamanı Ərzaq Təhlükəsizliyi üzrə İslam Təşkilatının (ƏTİT) baş direktoru Berik Arın deyib.
O bildirib ki, üzv ölkələr arasında mövcud fərqli iqtisadi və istehsal imkanları logistika dəhlizlərinin rolunu daha da aktuallaşdırır.
“Bəzi ölkələr ərzaq profisitinə malik olduğu halda, digərləri idxaldan yüksək dərəcədə asılıdır. Əsas çağırış üzv ölkələri effektiv logistika dəhlizləri vasitəsilə birləşdirmək, ərzaq məhsullarının sərhədlərdən təhlükəsiz, səmərəli və əlverişli şəkildə daşınmasını təmin etməkdir. Bu baxımdan Azərbaycanın strateji mövqeyi xüsusi əhəmiyyət daşıyır. Ölkə Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşərək Orta Dəhlizin mühüm hissəsini təşkil edir. Logistika dəhlizləri isə yalnız ticarət marşrutları deyil, eyni zamanda, ərzaq təminatının strateji arteriyaları və regional sabitliyin vacib dayaqlarıdır. Logistika təkcə məhsulların daşınması deyil, eyni zamanda, istehsalçıların bazarlara çıxışını təmin edən mühüm sistemdir. Bu baxımdan daha çox istehsalçının dəyər zəncirinə inteqrasiyası təchizat zəncirinin dayanıqlığını artırır”, - deyə Berik Arın vurğulayıb.
Baş direktor əlavə edib ki, “Kənd Təsərrüfatında Qadınların İnkişafı Təşəbbüsü” çərçivəsində qadın fermerlərin maliyyə resurslarına, torpağa və bazarlara çıxış imkanlarının genişləndirilməsinə dəstək göstərilir: “Eyni zamanda, Afrika Ərzaq Təhlükəsizliyi Təşəbbüsü çərçivəsində aqroemal, saxlama, mexanizasiya və potensialın artırılması istiqamətində layihələr həyata keçirilir ki, bu da məhsul itkilərinin azaldılmasına və ərzaq axınının səmərəliliyinin artırılmasına xidmət edir”.