SİYASƏT
Baş nazir Artur Rasizadə: “Azərbaycan və Gürcüstan beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir”
Tbilisi, 16 may, AZƏRTAC
“Azərbaycan və Gürcüstan beynəlxalq əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr hələ uzun illər bundan sonra xalqlarımızın rifah halının yüksəlməsinə xidmət edəcək”.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə bu sözləri mayın 16-da Tbilisidə jurnalistlərə müsahibəsində söyləyib.
Baş nazir bildirib ki, 1996-cı ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Gürcüstan Prezidenti Eduard Şeverdnadze tərəfindən Şərq-Qərb enerji dəhlizinin təməli qoyulub. Bu layihə əslində digər enerji layihələri üçün əsas olub. Biz əminliklə deyə bilərik ki, Bakı-Supsa təkcə enerji deyil, digər mühüm əhəmiyyətli layihələrin də başlanğıcı oldu.
Artur Rasizadə deyib: “Bakı-Supsa birinci uğurlu layihəmiz idi. Ondan sonra Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, eləcə də bu il istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu layihələrinin əsası qoyuldu. Bu mühüm, strateji xarakterli layihələr Azərbaycan və gürcü xalqlarının rifahının yaxşılaşdırılmasına xidmət edir. Ona görə də deməliyəm ki, Bakı-Supsa layihəsi bizim xoşbəxt gələcəyimiz üçün çox gözəl başlanğıc oldu”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi