Basketbol yığmasının kapitanı: İsveçrə üzərində mümkün qələbə növbəti oyunlar üçün stimul olacaq
Bakı, 20 fevral, AZƏRTAC
“İsveçrə və Kosovo yığmalarına qalib gəlmək gücündəyik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi basketbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Amil Həmzəyev dünya çempionatının seçmə mərhələsində İsveçrə və Kosovo yığmalarına qarşı keçirəcəkləri oyunlar barədə danışarkən deyib.
33 yaşlı basketbolçu bildirib ki, ilk görüşdə qazanılacaq mümkün qələbə növbəti matçlar üçün stimul olacaq: “İsveçrə yığmasını analiz etmişik. Heyətində ucaboy basketbolçular azlıq təşkil edir. Düzdür, biz də bu göstəricidə o qədər üstün deyilik. Amma meydanda başabaş mübarizənin gedəcəyinə əminəm. Sabah İsveçrəyə yola düşürük. Azərbaycana uğurlu nəticə ilə dönəcəyimizə inanıram”.
O, qrupda əsas mübarizənin üç komanda arasında gedəcəyini bildirib: “İrlandiya millisini qrupun autsayderi saymaq olar. Əsas mübarizə Azərbaycan, İsveçrə və Kosovo komandaları arasında gedəcək. Növbəti mərhələyə vəsiqə qazanacağımıza inanıram. Çünki oyunçularımız böyük potensiala malikdir. Sadəttin və Ercan Donat ötən gün Türkiyədəki təlim-məşq toplanışına qoşuldular. Bu gün isə Orxan Aydın düşərgəyə gələcək. Milliyə cəlb olunan əcnəbi basketbolçular - Zaq Leday və Dante Holl isə İsveçrə ilə matçdan öncə bizə qoşulacaq”.
Qeyd edək ki, fevralın 22-də keçiriləcək İsveçrə - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.