Batumidə 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır
Bakı, 21 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Batumidəki baş konsulluğu xalqımızın tarixinin qanlı səhifələrindən olan 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anma mərasimi keçirmişdir.
Qanlı yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş tədbirdə Acarıstan Muxtar Respublikası hökumətinin nümayəndələri, nazirlik və idarələrin məsul əməkdaşları, Batumidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru А.Bakuridze, Poti şəhərinin meri V.Lemonjava, “Acariya” qəzetinin baş redaktoru Q.Qorqiladze, muxtar respublikanın tanınmış ziyalıları və Azərbaycan icmasının təmsilçiləri iştirak etmişlər.
Anma mərasimi müstəqillik uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır.
Tədbirdə Azərbaycanın Batumidəki baş konsulu Hüseyn Nəcəfov çıxış edərək keçmiş sovet ordusunun 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda törətdiyi qanlı hadisələrin ağır nəticələrindən danışmışdır.
Baş konsul faciədən dərhal sonra xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək imperiyanın məkrli siyasətinə kəskin etiraz etdiyini, bu faciə ilə əlaqədar sovet rejiminin tətbiq etdiyi informasiya blokadasını sındırdığını və xalqı öz ətrafında birləşdirdiyini xüsusi vurğulamışdır.
H.Nəcəfov qeyd etmişdir ki, hazırda Bakının ən uca nöqtəsində salınmış Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanları ilə yanaşı, torpaqlarımızın müdafiəsi uğrunda erməni təcavüzkarlarına qarşı döyüşlərdə həlak olmuş şəhidlərimiz də uyuyurlar. Bu gün rəsmi ziyarət yerinə çevrilmiş Şəhidlər xiyabanı Azərbaycanın hər bir vətəndaşının qürur duyduğu müqəddəs bir məkandır.
Hər il yanvarın 20-də yüz minlərlə soydaşımız canlarını doğma Vətənin azadlığı və müstəqilliyi yolunda qurban vermiş igid oğul və qızlarımızın uyuduğu bu müqəddəs məkana gəlir, şəhidlərin xatirəsini dərin ehtiramla yad edirlər.
Tədbirdə tanınmış rejissor A.Konçalovskinin “Hakimiyyət yükü. Heydər Əliyev. 2-ci hissə - Qara Yanvar” (“Bremya vlasti. Qeydar Aliyev. 2 çast-Çyornıy Yanvar”) və “Müstəqilliyə aparan yol” sənədli filmləri göstərilmiş, 20 Yanvar faciəsinin dəhşətlərini əks etdirən fotosərgi nümayiş olunmuşdur.