BCAW2026: Su mərkəzli iqlim fəaliyyətinə dair dəyirmi masa keçirilib
Bakı, 9 sentyabr, AZƏRTAC
“Bakı İqlim Fəaliyyətləri Həftəsi 2026” (BCAW2026) çərçivəsində "İqlim üçün su fəaliyyəti üzrə Bakı Dialoqu – Öhdəliklərdən icraya doğru: Su mərkəzli iqlim fəaliyyətinin COP31-ə doğru irəliləməsi" adlı dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un prezidenti Muxtar Babayev iqlim dəyişikliyinin su ehtiyatlarının idarə olunmasını daha da çətinləşdirdiyini və təxirəsalınmaz etdiyini qeyd edib. "Quraqlıqlar daha uzun sürür, şiddətli yağışlar və daşqınlar kəskinləşir, su ehtiyatlarının əlçatanlığı isə daha az proqnozlaşdırılan həddə çatır. Eyni zamanda, kənd təsərrüfatında, şəhərlərdə, sənaye və energetika sistemlərində suya olan tələbat artır", - deyə M.Babayev əlavə edib.
BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin 2024-cü ildən bəri su gündəliyinin daha da böyük əhəmiyyət kəsb etməyə başladığını vurğulayıb. O, su olmadan dayanıqlı gələcək qurmağın mümkün olmadığını qeyd edib. "İqlim fəaliyyəti üçün su" təşəbbüsünün son dərəcə zəruri bir platforma adlandıran Dmitri Mariyasin bunun dünyada ehtiyac duyulan alyans modeli olduğunu deyib.
BMT-nin Ətraf Mühit Proqramının Şirin Su Ekosistemləri və Su-Bataqlıq Əraziləri Bölməsi Vivek Şah Bakı Dialoqunun COP-dan COP-a keçid üzrə tətbiq və icra mexanizmi kimi mövqeləndirildiyini bildirib. O, təşəbbüsün əsas məqsədinin COP31-ə qədər olan dövrdə beynəlxalq ictimaiyyət və tərəfdaşlar üçün su və iqlim gündəliyi üzrə ortaq prioritetlərin müəyyənləşdirilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb.
Dəyirmi masa işini müzakirələrlə davam etdirib.