ELM VƏ TƏHSİL
BDU-da tədbir: XX əsrin qanlı səhifəsi
Bakı, 1 aprel, AZƏRTAC
Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat, Geologiya və Coğrafiya fakültələrinin birgə təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “XX əsrin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Əvvəlcə soyqırımı qurbanlarının və şəhidlərin xatirəsi anılıb.
Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.
Professor və müəllimlərin, tələbələrin iştirak etdikləri tədbirdə çıxış edənlər 1918-ci ilin mart-aprel aylarında Bakı Soveti və daşnak erməni silahlı quldurları tərəfindən Bakı, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ və digər şəhər və bölgələrdə xalqımıza qarşı törədilmiş soyqırımının dəhşətlərindən danışıblar. Bildirilib ki, azərbaycanlılara qarşı həyata keçirilmiş həmin soyqırımı nəticəsində 50 minədək günahsız insan öldürülüb.
Bədnam düşmən öz çirkin məqsədlərini həyata keçirmək üçün həm də kəndləri, şəhərləri yandırıb, viran qoyub.
Diqqətə çatdırılıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımına Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə siyasi qiymət verilib, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Tədbirdə xalqımıza qarşı törədilmiş soyqırımının qan yaddaşımızdan silinməyəcəyi vurğulanıb.