BDU-nun Sosial elmlər və psixologiya fakültəsində yeddi yeni ixtisaslaşma yaradılır
Bakı, 3 iyul, AZƏRTAC
2026/2027-ci tədris ilindən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsində magistratura səviyyəsində ilk dəfə olaraq yeddi yeni ixtisaslaşma üzrə qəbul aparılacaq.
Universitetdən AZƏRTAC-a bildirilib ki, yeni ixtisaslaşmalar “Elm fəlsəfəsi”, “Tətbiqi psixologiya”, “Türk xalqlarının fəlsəfi fikir tarixi”, “Etikanın nəzəriyyəsi və tarixi”, “Klinik sosial iş”, “Əhalinin müxtəlif qrupları ilə sosial iş” və “Təlim və tədrisin təşkili və planlaşdırılması” istiqamətlərini əhatə edir.
Qeyd olunub ki, “Elm fəlsəfəsi” proqramında tələbələr elmi biliklərin metodologiyası, nəzəriyyələrin quruluşu və inkişafı, elmi düşüncənin fəlsəfi əsasları üzrə biliklər əldə edəcək, elmi siyasət, ekspertiza və analitik fəaliyyət sahələrində çalışmaq üçün zəruri kompetensiyalar qazanacaqlar.
“Tətbiqi psixologiya” ixtisaslaşması insan davranışının təhsil, əmək, sağlamlıq və sosial münasibətlər müstəvisində öyrənilməsini, psixoloji diaqnostika, məsləhətvermə, davranış korreksiyası və inkişaf proqramlarının hazırlanması üzrə praktik bacarıqların formalaşdırılmasını nəzərdə tutur. “Türk xalqlarının fəlsəfi fikir tarixi” proqramı Türk dünyasının intellektual irsinin, fəlsəfi məktəblərinin və ideya istiqamətlərinin sistemli öyrənilməsinə, müqayisəli təhlil və tənqidi düşünmə bacarıqlarının inkişafına yönəlib. “Etikanın nəzəriyyəsi və tarixi” ixtisaslaşması etik nəzəriyyələrin tarixi inkişafı, mənəvi dilemmlərin təhlili, etik qərarvermə və sosial məsuliyyət prinsiplərinin öyrənilməsini əhatə edir. “Təlim və tədrisin təşkili və planlaşdırılması” proqramı isə müasir təhsil prosesinin planlaşdırılması və idarə olunması, kurikulumların hazırlanması, təlim strategiyalarının seçilməsi, qiymətləndirmə və monitorinq sahələrində peşəkar hazırlığı təmin edəcək. “Klinik sosial iş” ixtisaslaşması sosial və psixoloji problemlərlə üzləşən fərdlər, ailələr və sosial qruplarla işləmək üçün mütəxəssis hazırlığını nəzərdə tutur. Proqram çərçivəsində travma, stres, ailədaxili münaqişələr, sosial adaptasiya və böhran vəziyyətlərinin idarə olunması üzrə nəzəri və praktik biliklər tədris ediləcək. “Əhalinin müxtəlif qrupları ilə sosial iş” proqramında isə sosial müdafiəyə ehtiyacı olan əhali qruplarının ehtiyaclarının qiymətləndirilməsi, sosial müdaxilə proqramlarının hazırlanması, sosial siyasətin həyata keçirilməsi və sosial dəstək mexanizmlərinin təşkili üzrə peşəkar kompetensiyalar formalaşdırılacaq.