BDU və İsrailin Negev Ben-Qurion Universiteti arasında anlaşma memorandumu imzalanıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Süni İntellekt və Verilənlər Elmi üzrə II Avrasiya Forumu çərçivəsində Bakı Dövlət Universiteti (BDU) ilə İsrailin Negev Ben-Qurion Universiteti arasında anlaşma memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, memorandum iki ali təhsil müəssisəsi arasında elm, təhsil və innovasiya istiqamətlərində əlaqələrin möhkəmləndirilməsinə, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsinə, tələbə və müəllim mübadiləsinin genişləndirilməsinə, həmçinin süni intellekt, kibertəhlükəsizlik, verilənlər elmi və informasiya texnologiyaları sahələrində birgə təşəbbüslərin formalaşdırılmasına xidmət edəcək.
Əməkdaşlıq çərçivəsində tərəflər elmi simpoziumlar, seminarlar və yay məktəbləri təşkil edəcək, elmi nəticələrin beynəlxalq səviyyədə paylaşılmasına və kommersiyalaşdırılmasına dəstək verəcəklər. Bu təşəbbüs həm də iki ölkə arasında akademik körpülərin qurulmasına, müasir elmi biliklərin mübadiləsinə və gənc tədqiqatçıların qlobal elm məkanına inteqrasiyasına töhfə verəcək.
Bu mühüm addım BDU-nun beynəlxalq əməkdaşlıq strategiyasına, xüsusilə də süni intellekt və rəqəmsal transformasiya istiqamətində həyata keçirdiyi islahatlara tam uyğun olmaqla yanaşı, universitetin elmi potensialının daha da inkişafına xidmət edəcək.
Memorandumu BDU-nun rektoru Elçin Babayev və İsrailin Negev Ben-Qurion Universitetinin regional və sənaye inkişafı üzrə vitse-prezidenti Dan Blumberq imzalayıb.