İQTİSADİYYAT
BEA: Elektrik şəbəkələrinə investisiya qoyulmaması iqlim hədəflərini və enerji təhlükəsizliyini risklə üzləşdirir
Bakı, 17 oktyabr, AZƏRTAC
Dünyada elektrik şəbəkələrinin yenilənməsi üçün kifayət qədər sərmayə qoyulmazsa, şəbəkə infrastrukturundakı keyfiyyət çatışmazlıqları qlobal istiləşmənin 1,5 dərəcəyə qədər məhdudlaşdırılması hədəfini əlçatmaz edə bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (BEA) hesabatında bildirilib.
Qeyd olunub ki, elektrik sistemlərinin əsasını təşkil edən şəbəkələrin genişləndirilməsinə yönəldilmiş sərmayələr, günəş və külək enerjisi, elektrik nəqliyyat vasitələri və istilik nasosları kimi təmiz enerji texnologiyaları dünyada baş verən transformasiyanın sürətinə çata bilmir.
Hazırda dünyada yarısı qabaqcıl mərhələdə olan 3 min gigavat bərpa olunan enerji layihələri şəbəkəyə qoşulmağı gözləyir. Bu güc 2022-ci ildə qlobal miqyasda istifadəyə verilən ümumi günəş və külək enerjisi gücünün beş qatına bərabərdir.
Elektrik sistemlərinin və iqlim hədəflərinin təhlükəsizliyinə töhfə vermək üçün təmiz enerjinin şəbəkə infrastrukturunun modernləşdirilməsi və rəqəmsallaşdırılması lazımdır.
2010-cu ildən bəri bərpa olunan enerjiyə investisiyalar demək olar ki, iki dəfə artsa da, qlobal şəbəkə investisiyaları sabit olaraq hər il 300 milyard dollar səviyyəsində qalır. Milli iqlim məqsədlərinə nail olmaq və enerji təhlükəsizliyini təmin etmək üçün 2040-cı ilə qədər dünyada 80 milyon kilometr elektrik şəbəkəsi yaradılmalı və ya yenilənməlidir. Bu rəqəm hazırda dünyada istifadə edilən bütün şəbəkələrin ölçüsünə bərabərdir və zəruri şəbəkə infrastrukturunun genişləndirilməsini təmin etmək üçün illik investisiyalar iki dəfə artaraq 600 milyard dollara çatmalıdır.
BEA xəbərdarlıq edir ki, şirkətlər elektrik şəbəkələrini yeniləmək və genişləndirmək üçün cəld hərəkət etməsələr, təhlükəsiz elektrik təchizatını təmin etmək səyləri risklə üzləşəcək və qlobal istiləşməni 1,5 dərəcə ilə məhdudlaşdırmaq hədəfi əlçatmaz ola bilər.
Təxminlərə görə, şəbəkə investisiyaları sürətləndirilməsə və tənzimləyici islahatlar ləng aparılarsa, ümumi karbon emissiyaları 2030-2050-ci illər arasında 60 milyard ton daha çox ola bilər.
BEA-nın icraçı direktoru Fatih Birol deyib ki, hökumətlər və iş dünyası bir araya gəlməsə, təmiz enerjiyə keçid təhlükə altında ola bilər. “Bu gün şəbəkələrə sərmayə qoymalıyıq, əks təqdirdə gələcəkdə çıxılmaz vəziyyətlə üzləşəcəyik”, - o bildirib.