BƏƏ-də Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirilmişdir
Bakı, 22 fevral (AZƏRTAC). Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 19-cu ildönümü ilə bağlı anma mərasimi keçirmişdir.
Mərasimdə bir sıra xalqların diasporlarının nümayəndələrinə 19 il əvvəl Xocalıda törədilmiş vəhşiliklərin erməni qəsbkarlarının son iki əsrdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin tərkib hissəsi olduğu vurğulanmışdır.
Cəmiyyətin sədri Samir İmanov demişdir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən Rusiyaya məxsus 366-cı alayın köməyi ilə azərbaycanlılar yaşayan Xocalı şəhərinə hücum edərək, dinc əhaliyə qarşı amansızcasına genosid aktı həyata keçirmişlər. Bu faciə nəticəsində Xocalıda 613 dinc sakin qətlə yetirilmiş, 487 nəfər yaralanmışdır. Qətlə yetirilənlərdən 63-ü uşaq, 106-sı qadın, 70-i qocadır. 70 ailənin bütün üzvləri qətliama məruz qalmış, səkkiz ailə tamamilə məhv edilmişdir. Soyqırımı zamanı 487 Xocalı sakini yaralanmış, 1275 nəfər girov götürülmüşdür. Onlardan 150-nin taleyi indiyədək məlum deyildir. 366-cı alay Xankəndidən çıxarıldıqdan sonra bu hərbi hissəyə məxsus olan silahlı texnikanın mühüm hissəsi erməni separatçılarına verilmişdir.
S.İmanov bir gecənin içində Xocalı şəhərinin yer üzündən silindiyini bildirmişdir. Cəmiyyətin sədri XX əsrin ən böyük faciəsinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının vacibliyini vurğulamış, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə soyqırımı həqiqətlərinin araşdırıldığını, onlara siyasi-hüquqi qiymət verildiyini qeyd etmişdir.
Natiq vurğulamışdır ki, 19 il ərzində bu dəhşətli hadisənin dünyada tanıdılması məqsədi ilə Azərbaycan dövləti və xalqı çox işlər görmüşdür. Filmlər hazırlanmış, müxtəlif dillərdə kitablar, broşürlər çap edilərək beynəlxalq təşkilatlara, parlamentlərə, dövlət rəhbərlərinə, dünya xalqlarına göndərilmiş, internet saytları yaradılmışdır.
Cəmiyyətin sədri beynəlxalq təşkilatların insanlığa yönəlmiş belə bir bəşəri cinayətə indiyədək siyasi-hüquqi qiymət verilməməsinin təəssüf doğurduğunu demişdir. Dünya azərbaycanlıları tələb edirlər ki, beynəlxalq ictimaiyyət Azərbaycanın işğal olunmuş torpaqlarının tezliklə azad edilməsi uçun birlikdə çalışmalı və erməni tərəfini buna məcbur etməlidirlər.
Sonra qonaqlara erməni vandallarının Qarabağda törətdikləri qırğınlardan bəhs edən sənədli film təqdim olunmuşdur.
“Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilmiş tədbirdə Xocalı qətliamından bəhs edən fotosərgi də təşkil olunmuşdur. Sərgidə Xocalıda və Dağlıq Qarabağda törədilmiş erməni vəhşiliyini əks etdirən kitablar nümayiş etdirilmişdir. Xocalı həqiqətlərindən bəhs edən bu nəşrlər qonaqlara hədiyyə edilmişdir.