Bəhreynin nüfuzlu qəzeti Azərbaycanın sülhsevər siyasətindən yazıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Bəhreyn Krallığının ingilis dilində nəşr olunan “The Daily Tribune - News of Bahrain” qəzetində Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Şahin Abdullayevin müəllifi olduğu “Qarabağda erməni təxribatları qarşısında münasibətlərin normallaşmasının kövrək prosesi” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 44 günlük müharibədə qalib gələn Azərbaycanın Ermənistana beynəlxalq hüququn prinsipləri, o cümlədən ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət prinsipləri əsasında sülh təklif etdiyi qeyd olunub. Müəllif diqqətə çatdırıb ki, Azərbaycan regionda davamlı sülh və sabitliyin bərqərar olmasının tərəfdarıdır və Ermənistanla münasibətlərin normallaşması prosesinə hazırdır. Müharibədən sonra danışıqlar prosesində nikbinliyə baxmayaraq, Ermənistanın təsiri ilə bu mərhələnin dalana dirənmə ehtimalından bəhs edən səfir vurğulayıb ki, hazırda Ermənistan-Azərbaycan sülh danışıqları davam edir. Sülh müqaviləsi üzrə razılaşma yolunda maneələrdən biri də İrəvanın Azərbaycanın ərazi bütövlüyünü açıq və yazılı şəkildə tanımaq istəməməsidir (baxmayaraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan bu barədə bir neçə dəfə şifahi bəyanatlar verib).
Müəllif yazıda sülh prosesinə mane olan digər səbəblərin aradan qaldırılmasının zəruriliyini də qeyd edib. Buraya Ermənistanın konstitusiya dəyişiklikləri etməsi, etnik-erməni separatçı quruma birtərəfli maliyyə dəstəyini dayandırması, erməni əsgərlərinin İkinci Qarabağ müharibəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtləri ilə müəyyən edilmiş Rusiya sülhməramlı kontingentinin yerləşmə zonasına daxil olan ərazidən çıxarılması da daxildir. Yazıda Ermənistanın beynəlxalq ictimaiyyətə regiondakı mövcud vəziyyətlə bağlı təhrif olunmuş məlumatlar təqdim etdiyi, bununla da İrəvanın münasibətlərin normallaşması prosesini mümkün qədər uzadaraq Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş siyasi proqramını həyata keçirmək üçün vaxt qazanmaq və bu məqsədlə yeni böhranlı vəziyyət yaratmaq istədiyi qeyd edilib.
Səfir Ermənistan tərəfindən təbliğ edilən “blokadanın” və ya “humanitar böhranın” mövcudluğu ilə bağlı bütün əsassız iddiaları qəti şəkildə rədd edib. Məqalədə Ermənistanın istifadə etdiyi “blokada” və “humanitar böhran” ifadələrinin İrəvanın Azərbaycana qarşı apardığı geniş təbliğat və nüfuzdan salma kampaniyasının təzahürü olduğu diqqətə çatdırılıb. Müəllif 2023-cü il aprelin 23-də Azərbaycanın öz suverenliyini və təhlükəsizliyini qorumaq hüququndan istifadə edərək Ermənistanla Azərbaycan arasında dövlət sərhədində - Laçın yolunun başlanğıcında sərhəd-keçid məntəqəsi yaratdığı, bu addımın beynəlxalq hüquq normalarına və ölkəmizin suveren hüququndan irəli gələn mövcud beynəlxalq təcrübəyə uyğun olaraq həyata keçirildiyi vurğulanıb. Yazıda erməni tərəfinin yuxarıda adı çəkilən sərhəd-keçid məntəqəsinin “qanunsuzluğu” və ya onun transsərhəd keçidinin qarşısını alması ilə bağlı iddiaları təkzib edilib və Beynəlxalq Ədalət Məhkəməsinin (BƏM) 6 iyul 2023-cü il tarixli qərarı diqqətə çatdırılıb.
Məqalədə Azərbaycan tərəfinin Ermənistanın iddialarının əksinə olaraq, Laçın sərhəd-keçid məntəqəsindən vətəndaşların, malların və nəqliyyat vasitələrinin qanuni, tənzimlənən və şəffaf keçidini təşkil etdiyi və həmin məntəqədən istifadə edən mülki əhalinin sayının xeyli artdığı bildirilib. Müəllif Azərbaycan tərəfinin dəfələrlə Ermənistanı sərhəd və gömrük institutları vasitəsilə insanların, malların və xidmətlərin şəffaf və təhlükəsiz transsərhəd keçidini təşviq edən əməkdaşlığa çağırdığını və bu müraciətlərin cavabsız qalmasının təəssüf doğurduğunu qeyd edib. Eyni zamanda, Azərbaycan Respublikasının humanitar və digər yüklərin Qarabağ bölgəsinə daşınması üçün Ağdam üzərindən Xankəndinə gedən şimal marşrutu kimi alternativ və daha qısa marşrutlara üstünlük verdiyi bildirilib. Bu kontekstdə Avropa Şurasının Prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan arasında Brüsseldə keçirilən görüşün yekunlarına dair bəyanatında Ağdam- Xankəndi yolunun Qarabağ sakinlərinin həyati tələbatlarının adekvat şəkildə ödənilməsini təmin etmək üçün vacib bir marşrut olduğunu vurğuladığı diqqətə çatdırılıb.
Müəllif Ermənistan tərəfinin Ağdam-Xankəndi, Füzuli-Şuşa-Xankəndi yollarına siyasi motivlərlə qarşı çıxdığını, Azərbaycan ərazisində yaratdığı qeyri-qanuni tabeçilik rejimi vasitəsilə malların və xidmətlərin çatdırılmasının qarşısını almaq üçün qondarma ictimai etiraz aksiyaları təşkil etdiyini vurğulayıb. Diqqətə çatdırılıb ki, bu düşmən davranış etnik nifrətin artmasına şərait yaradır. Ermənistan qeyri-konstruktiv davranışı ilə Azərbaycanın Qarabağ bölgəsinin etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi reinteqrasiyası səylərini sarsıtmağa çalışır. Bununla yanaşı, İrəvan Qarabağ bölgəsinin sadə erməni sakinlərindən öz çirkin məqsədləri - Azərbaycana qarşı etnik və milli zəmində nifrət və ayrı-seçkilik siyasətinin aləti kimi istifadə edir.
Yazıda Azərbaycan Respublikasının öz Konstitusiyasında, həmçinin tərəfdar çıxdığı beynəlxalq mexanizmlərdə təsbit olunmuş bütün müvafiq hüquq və azadlıqlara zəmanət verdiyi, öz sərhədləri daxilində yaşayan etnik ermənilərin rifahı üçün də təminat verməyə hazır olduğu qeyd edilib.