Bəhreynin ombudsmanı: Beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə və birgə təşəbbüslərə xüsusi diqqət yetirməliyik
Bakı, 12 noyabr, AZƏRTAC
Konstitusiya vətəndaşlarla dövlət arasında etimadın və qarşılıqlı məsuliyyətin əsas sənədidir. O, cəmiyyətin idarəolunmasında ədalət, bərabərlik və qanunun aliliyi kimi dəyərləri təmin edən ən yüksək hüquqi qüvvəyə malikdir.
AZƏRTAC xəbər verir ki, bu fikri “Konstitusiya və qanunun aliliyi müasir hüquq sistemlərində” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Konstitusion prinsiplər: Qanunun aliliyinə aparan yol” adlı paneldə Bəhreyn Krallığının müstəqil ombudsmanı Ghada Hameed Habib deyib.
O qeyd edib ki, Konstitusiyada aparılan dəyişikliklər zamanın tələblərinə cavab verir və hüquqi sistemin daha da təkmilləşdirilməsinə xidmət edir. Bu dəyişikliklərin əsas məqsədi qanunun aliliyi prinsipi əsasında ədalətin təmin olunması, insan hüquq və azadlıqlarının qorunması, eləcə də insan ləyaqətinin yüksək tutulmasıdır. “Biz qanun və ədalət arasında körpü rolunu oynayırıq. Dövlət qurumlarının, məhkəmə orqanlarının və cəmiyyətin üzvlərinin birgə fəaliyyəti nəticəsində bu körpü möhkəmlənir və hüquqi dövlətin dayaqları daha güclü olur. Ədalət yalnız qanunların mövcudluğu ilə deyil, onların səmərəli və vicdanlı şəkildə tətbiqi ilə mümkündür. Qarşılaşdığımız çətinliklər isə təkcə milli deyil, həm də qlobal xarakter daşıyır. Müasir dövrdə hüquq, insan hüquqları və ədalət prinsipləri qlobal səviyyədə müzakirə olunan məsələlərdir. Buna görə də beynəlxalq əməkdaşlığa, təcrübə mübadiləsinə və birgə təşəbbüslərə xüsusi diqqət yetirməliyik. Hüquq sistemlərimiz fərqli olsa da, ədalət prinsipləri bütün xalqlar üçün ümumi və dəyişməz dəyər olaraq qalır.
Azərbaycanda Konstitusiyanın 30-cu ildönümünün bu qədər yüksək səviyyədə qeyd olunması təsadüfi deyil. Bu, dövlətin hüquqi islahatlara verdiyi önəmi, vətəndaş cəmiyyətinin inkişafına göstərilən diqqəti və konstitusion dəyərlərə sadiqliyi nümayiş etdirir”, - deyə Bəhreynin müstəqil ombudsmanı əlavə edib.