Belarusda Qanlı Yanvar faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 23 yanvar (AZƏRTAC). Belarusun Minsk və Mogilyov səhərlərində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilmişdir.
Azərbaycanın Minskdəki səfirliyindən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə bu ölkədəki Azərbaycan diasporu, azərbaycanlı tələbələr, yerli ictimaiyyət və Belarusda akkreditə olunmuş diplomatik nümayəndəliklərin təmsilçiləri, KİV nümayəndələri iştirak etmişlər.
Mərasimlərdə çıxış edən səfir İsfəndiyar Vahabzadə qonaqlara ümumxalq hüzn günü barədə məlumat vermişdir. Diplomat 20 Yanvar faciəsinin Azərbaycan tarixində xalqımızın yenilməzliyini, ölkənin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizə əzmini nümayiş etdirən qəhrəmanlıq səhifəsi olduğunu bildirmişdir. Ümummilli lider Heydər Əliyevin faciədən dərhal sonra Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciəni törədən sovet imperiyasının rəhbərlərinin ünvanına sərt bəyanatlar səsləndirdiyini vurğulayan səfir, məhz ulu öndərin rəhbərliyi dövründə bu hadisəyə siyasi-hüquqi qiymət verildiyini diqqətə çatdırmışdır. İ.Vahabzadə Prezident İlham Əliyevin tapşırığı əsasında bu faciənin həm ölkəmizdə, həm də xaricdə geniş şəkildə anıldığını bildirmiş və həmvətənlərimizi daha da fəal olmağa çağırmışdır.
Mərasimdə çıxış edən Belarusdakı Azərbaycan İcmaları Konqresinin sədri N.Bağırov, M.Tank adına Belarus Dövlət Pedaqoji Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin rəhbəri R.Novruzov Qanlı Yanvar faciəsindən danışmışlar.
Tədbir zamanı faciəni əks etdirən fotosərgi və film nümayiş etdirilmiş, ehsan süfrəsi açılmışdır.