Belqradda ümummilli lider Heydər Əliyevin xatirəsi yad edilib
Belqrad, 10 may, AZƏRTAC
Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycanın Serbiyadakı səfirliyi tərəfindən anma tədbiri keçirilib.
Tədbirdə Serbiya ictimaiyyətinin nümayəndələri, Belqrad şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi, Serbiya-Azərbaycan Dostluq Cəmiyyəti və Serbiya-Azərbaycan Ticarət Palatasının rəhbərliyi və üzvləri, “AzVirt” şirkətinin rəhbərliyi, Serbiyada çalışan, yaşayan və təhsil alan azərbaycanlılar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan dövləti və hökumətinin dəstəyi ilə Belqrad şəhərində abadlaşdırılmış və bərpa edilmiş “Taşmaydan” parkına gələrək, Ümummilli Liderin burada ucaldılmış abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad edərək, önünə əklil qoyub, tər çiçək dəstələri düzüblər.
Səfirliyin müşaviri A.Paşayev ümummilli lider, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində və ölkəmizdə sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatların əsasını qoymasından və xilaskar rolundan bəhs edib. O, ölkəmizdə Azərbaycançılıq, milli birlik, sosial ədalət, əhalinin iqtisadi rifahı, ölkəmizin ərazi bütövlüyü kimi ideyalara söykənən müstəqil, mütərəqqi və siyasi cəhətdən sabit inkişaf modelinin əsasının məhz Ulu Öndər tərəfindən qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb, bu siyasi kursun bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Diplomat xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə qonaqlara minnətdarlığını bildirib.
Tədbirdə, həmçinin işğal altındakı torpaqlarımızın azad olunması uğrunda şəhid olan əsgərlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Düşmən tapdağı altındakı torpaqlarımızın ulu öndər Heydər Əliyevin ləyaqətli davamçısı Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə tezliklə qaytarılacağına əminlik ifadə olunub.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad