Belqradda Xocalı faciəsi qurbanlarının xatirəsi anılmışdır
Bakı, 22 fevral (AZƏRTAC). Azərbaycanın Serbiyadakı səfirliyinin təşəbbüsü ilə Belqradda fəaliyyət göstərən Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasında Xocalı soyqırımının 20-ci ildönümü ilə bağlı mərasim keçirilmişdir.
Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, tədbirdə Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, KİV və Serbiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Səfirliyin müşaviri Qabil Köçərli Xocalı faciəsinin Azərbaycan tarixində unudulmaz, dəhşətli və qanlı hadisələrdən biri olduğunu bildirmişdir. O, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən, dünyada misli görünməmiş vəhşilik və qəddarlığın Xatın, Xirosima və digər faciələrlə bir sırada dayandığını vurğulamışdır. Q.Köçərli Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı aparılan işğalçılıq və etnik təmizləmə siyasətindən və onun ağır nəticələrindən danışmışdır. Xocalı soyqırımı qurbanlarının xatirəsinin hər il Azərbaycanda və dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları tərəfindən anıldığı bildirmişdir.
Sonra tədbir iştirakçıları faciənin dəhşətlərini özündə əks etdirən “Xocalı soyqırımı” adlı sənədli filmə baxmışlar.
Serbiya-Azərbaycan Ticarət-İqtisadi Palatasının sədri Miroslav Tsrnoqorats Xocalı şəhərində törədilmiş vəhşilikləri insanlığa sığmayan hərəkət kimi dəyərləndirmiş, günahkarların cəzalandırılmasının vacibliyini bildirmişdir.
Sonda tədbir iştirakçılarına Xocalı soyqırımı ilə bağlı materiallar təqdim edilmişdir.