Bənzərsiz zənginliyə malik sənət səhnəsi – “Art Capital” yaradıcılığın müxtəlifliyini qeyd edir
Paris, 13 fevral, AZƏRTAC
Paris sənət həyatının ən diqqətçəkən hadisələrindən biri olan “Art Capital” Sərgi Salonu yaradıcılığı bütün rəngarəngliyi ilə bir araya gətirir. Rəssamlıq, heykəltəraşlıq, qrafika, fotoqrafiya, instalyasiya və digər ifadə formaları bu mötəbər sərgidə öz yerini tapır.
AZƏRTAC xəbər verir ki, builki sərgidə Azərbaycanlı rəssamlarda iştirak edirlər.
Sərgidə Ayla İnsanova, Rövşən Nur, Sahib Əsədli, eləcə də Azərbaycanın Əməkdar rəssamı Əsmər Nərimanbəyovanın əsərləri nümayiş olunur.
Sərgi müasir dünyanın bir güzgüsünə çevrilib: burada sənət çərçivələri aşır, baxışları dəyişir və çağdaş həssaslıqların zənginliyini üzə çıxarır. Hər bir əsər bir hekayə danışır, hər bir yaradıcılıq yolu bir kəşfə çevrilir, hər qarşılaşma isə yadda iz buraxır.
Yenidən bərpa olunmuş möhtəşəm “Grand Palais” binasında keçirilən “Art Capital” ziyarətçilərini qarşılayır. Memarlıq irsi ilə mədəni müasirliyin vəhdət təşkil etdiyi bu tarixi məkan ziyarətçilərə həm təntənəli, həm də canlı bir təcrübə bəxş edir.
Burada sənət geniş miqyasda təqdim olunur; təsirli və möhtəşəm mühit hər bir əsərin estetik dəyərini artırır, emosional təsirini daha da gücləndirir.
Dörd tarixi salonun birləşməsi ilə formalaşan “Art Capital” ənənə ilə müasir yaradıcılıq arasında körpü rolunu oynayır. Klassik yanaşmalar ən avanqard axtarışlarla üz-üzə gəlir, fərqli istiqamətlər eyni məkanda qarşılıqlı dialoq qurur.
Bu şüurlu plüralizm sərgini sıx, kontrastlı və dinamik bir sənət marşrutuna çevirir. Tanınmış sənətkarlarla gənc istedadlar sərhədsiz dialoqda bir araya gəlir və nəticədə həm irsi qoruyan, həm də gələcəyə açılan zəngin bir sənət panoraması yaranır.
Sərgi fevralın 15-dək davam edəcək.