BENZİNİN VƏ MAZUTUN QİYMƏTİ QALDIRILMAMIŞDIR
Heydər Babayevin sözlərinə görə, bu qərar göstərilən neft məhsullarının qiymətlərinin dünya bazar qiymətlərinə uyğunlaşdırılmasında növbəti mərhələ olmaqla, yanacaq-energetika kompleksində gizli subsidiyalaşdırmanın əhəmiyyətli dərəcədə azaldılmasına, neft məhsullarının ölkədən qanunsuz çıxarılmasının qarşısının alınmasına, daxili bazarda neft məhsullarının keyfiyyətinin yüksəldilməsinə və dövlət büdcəsinin gəlirlərinin artmasına xidmət edəcəkdir. Beləliklə, yanvarın 6-dan dizel yanacağının, ağ neftin və məişət soba yanacağının pərakəndə satış qiymətləri 1 litr üçün 36 qəpik (40 sent) olmuşdur. O, müqayisə üçün demişdir ki, bu rəqəm Gürcüstanda 74, Rusiyada 51 sentdir.
Nazir xüsusi vurğulamışdır ki, benzinin və mazutun qiyməti qaldırılmamışdır.
Heydər Babayev şuranın qərarının kənd təsərrüfatı məhsullarının, şəhər nəqliyyatında gediş haqqının qiymətinə təsiri barədə suallara cavabında demişdir ki, mütəxəssislərin hesablamalarına görə, qiymətlər meyvəçilikdə 3-4, taxılçılıqda 8-9, pambıqçılıqda 10-13, tərəvəzçilikdə 13, kartofçuluqda 16 faiz artacaqdır. Bazardakı qiymətlər, fərdi və iş adamlarına məxsus nəqliyyatda gediş haqqı inzibati yolla nizamlanmır, onları yalnız rəqabət müəyyənləşdirir.