Bərdə rayonunun kəndləri abadlaşdırılır
Bərdə, 3 noyabr (AZƏRTAC). Bərdə rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş vüsət almışdır. Bərdə şəhəri ilə yanaşı, rayonun kəndlərində də abadlıq işləri aparılır, infrastruktur yaxşılaşdırılır.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, cari ildə 34,2 kilometr kəndlərarası, 83,9 kilometr kənddaxili yollar qum-çınqıl verilməklə təmir edilmiş, 14,1 kilometr baş arxlar, 34,4 kilometr təsərrüfatdaxili arxlar, 4,2 kilometr açıq dren kanallar, 0,8 kilometr sel arxı lildən təmizlənmişdir. 3 su keçidi, 1 kəndin baş qapısı, 0,5 kilometr dren kanal, 1 körpü tikilmiş, 2 körpü, 16 sinif otağı və 3 abidə təmir edilmişdir. 7,4 kilometr su xətti çəkilmiş, 5834 ədəd ağac və 150 ədəd gül kolu əkilmiş, kəndlər məişət tullantılarından təmizlənmişdir.
Azərbaycan Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun 9 kəndində 58 kilometr kənddaxili yollar qum-çınqılla təmir edilmiş, Mirzəcəfərli, Soğanverdilər, Uğurbəyli və Məmmədli kəndlərində 12,35 kilometr su xətləri çəkilmiş, 7 su çəni quraşdırılmış, 29 bulaq tikilmişdir.
İlin əvvəlindən kəndlərarası 6,5 kilometr yol, Seyid Yusifli kəndində Yusif Ağanın müasir memarlıq üslubunda məqbərə kompleksi, Mirzalıbəyli kəndində 220, Qullar kəndində 180 şagird yerlik məktəb binaları, Əmirli kəndində sahə baytarlıq mərkəzi tikilərək istifadəyə verilmiş, Mehdili kəndində 2000 başlıq ətlik və 1000 başlıq südlük istiqamətli cins heyvandarlıq kompleksləri fəaliyyətə başlamışdır.
19 kənd qazlaşdırılmış, 23 kənd elektron ATS-lərində DSLAM avadanlığı quraşdırılmış, əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq üçün 9 kənddə 12 subartezian quyusu vurulmuşdur. Hazırda Lək kəndində tutumu 2 min ton olan soyuducu anbarın, Qazaxlar kəndində 180 şagird yerlik, Nazırlı kəndində 220 şagird yerlik, Türkmən kəndində 380 şagird yerlik məktəblərin, Qaradəmirçi kəndində qazpaylayıcı stansiyanın tikintisi, kəndlərin qazlaşdırılması davam etdirilir.