Bərdədə Heydər Əliyev adına parkın inşası davam etdirilir
Bərdə, 3 noyabr (AZƏRTAC). Bərdə şəhərində Tərtər çayının sahilində Heydər Əliyev adına parkın inşası davam etdirilir.
AZƏRTAC xəbər verir ki, 24 hektar sahədə salınan parkda yollar çəkilmiş, Tərtər çayı üzərindəki qədim körpüyə getmək üçün körpü inşa edilmiş, yaşıllıqlar salınmışdır. Parkda 2 fontan, transformator otağı, pilləkənlər tikilmiş, elektrik dirəkləri quraşdırılmışdır. Parkın ətrafına divar hörülərək qranit və ağ layla üzlənmiş, 17 min kvadratmetr əraziyə tamet, 1150 kvadratmetr sahəyə qranit, 3,2 min kvadratmetr əraziyə asfalt-beton örtüyü döşənmiş, 3,4 kilometr elektrik boruları, 6,5 kilometr su boruları çəkilmişdir. Burada, həmçinin Ümummilli Liderin möhtəşəm heykəli ucaldılacaq, meydan, şəlalə, 3 hektar sahəni əhatə edən süni göl, çay evləri, uşaq oyun mərkəzi, avtodayanacaq inşa ediləcək, idman qurğuları və müasir işıqlandırma sistemi quraşdırılacaq, istirahət güşələri yaradılacaqdır. Hazırda parkın tikintisi sürətlə davam etdirilir.
Heydər Əliyev adına park istifadəyə verildikdən sonra bərdəlilərin ən sevimli istirahət guşəsinə çevriləcəkdir.