Bərdədə kyokşin karate üzrə respublika kuboku yarışları keçirilib
Bakı, 3 aprel, AZƏRTAC
Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) və Kyokşin və Ciyutaido Federasiyasının (KCF) təşkilatçılığı ilə Bərdə rayonunda kyokşin karate üzrə respublika kuboku yarışları keçirilib.
AZƏRTAC xəbər verir ki, yarışda Bakı və respublikamızın digər şəhər və rayonlarından ümumilikdə 19 komandanın tərkibində 120-dən çox idmançı mübarizə aparıb. Maraqlı idman mübarizəsi şəraitində keçən yarışda “Çempion” idman klubunun yetirmələri yüksək nəticə göstərərək birinci yerə layiq görülüblər. İkinci pillədə “Xan” idman klubunun karateçiləri yer alıblar. Üçüncü yeri isə Qazax rayonunun komandası tutub.
“Xan” idman klubunun rəhbəri, II dan qara kəmər ustası, beynəlxalq dərəcəli hakim Azadxan Qasımov AZƏRTAC-a müsahibəsində komandasının yarışda 13 idmançı ilə təmsil olunduğunu, onlardan doqquzunun qızıl, üçünün gümüş, birinin isə bürünc medala layiq görüldüyünü bildirib.
O qeyd edib ki, qarşıdakı dünya kuboku yarışlarında böyük nailiyyətlər əldə etmək üçün komandanın üzvləri məşqləri davam etdirirlər. Yetirmələrim arasında dünya kubokunun, İslam Olimpiadasının qalib və mükafatçıları var. Qarşıda bizi Azərbaycanda kyokşin karate üzrə keçiriləcək dünya kuboku yarışları gözləyir. Həmin yarışda 15-ə yaxın ölkədən karateçilərin iştirakı gözlənilir. Komandamız dünya kubokunda yüksək nəticə əldə etmək üçün məşqləri davam etdirir.